DÜNYA
ABŞ-ın sutkalıq neft hasilatı 11,9 milyon barreldir
Bakı, 7 fevral, AZƏRTAC
Birləşmiş Ştatlarda gündəlik xam neft istehsalı artıb.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir.
Bildirilir ki, ötən hesabat həftəsində ABŞ-ın neft hasilatı əvvəlki həftə ilə müqayisədə 9 min barrel artaraq sutkada 11,9 milyon barrel təşkil edib. Həmin göstərici ölkə tarixində neft istehsalının ən yüksək səviyyəsidir. ABŞ-ın neft hasilatı sonuncu dəfə 1970-ci ilin noyabrında maksimum - gündəlik orta hesabla 10,04 milyon barrel təşkil edib.
Xam neft istehsalı əvvəlki həftəyə görə Alyaska ştatında 9 min barrel artıb, digər ştatlarda isə dəyişməyib. Beləliklə də Birləşmiş Ştatların gündəlik neft hasilatında son 56 həftənin 33-də artım qeydə alınıb.
Keçən həftə ABŞ-ın neft idxalı isə əvvəlki həftəyə görə 63 min barrel artaraq gündəlik 7,15 milyon barrel olub. Ölkənin xam neft ixracı da əvvəlki həftə ilə müqayisədə 926 min barrel çoxalaraq sutkada 2,87 milyon barrelə düşüb.
Beynəlxalq Enerji Agentliyi ABŞ-ın dünyanın ən böyük xam neft istehsalçısı olacağını proqnozlaşdırır.
EIA-nın proqnozuna görə, ABŞ-ın neft hasilatı bu il sutkalıq orta hesabla 12,1 milyon barrel, gələn il isə 12,9 milyon barrel təşkil edəcək.