DÜNYA
ABŞ strateji ehtiyatları artırmaq üçün böyük həcmdə neft almağı planlaşdırır
Vaşinqton, 6 may, AZƏRTAC
ABŞ Rusiyaya qarşı sanksiyaların kəskinləşdirilməsi fonunda yanacağın qiymətini sabit saxlamaq məqsədilə strateji ehtiyatlar hesabına əmtəə bazarlarına iri həcmdə müdaxilə edir.
AZƏRTAC ABŞ KİV-inə istinadla xəbər verir ki, Bayden administrasiyası ABŞ-ın azalmaqda olan ehtiyatlarını artırmağa yönəlmiş çoxillik prosesdə ilk addım kimi bu ilin payızında 60 milyon barel xam neft almaq üçün sifarişlər toplamağı planlaşdırır.
Mayın 5-də ABŞ Energetika Nazirliyi neft alışı barədə uzunmüddətli plan təqdim edib. Prezident Bayden Rusiyadan neft idxalından imtina edəndən sonra strateji ehtiyatlardan 180 milyon barel, yəni altı ay ərzində hər gün 1 milyon barel sərbəstləşəcəyini elan edib.
Strateji ehtiyatlar Birləşmiş Ştatlarda enerji daşıyıcılarının kəskin bahalaşmasından qorunmaq üçün milli təhlükəsizliyin və iqtisadiyyatın həyati əhəmiyyətli vasitəsidir. Müharibələr dövründə və təbii fəlakətlərdən sonra prezidentlər bu ehtiyatlardan nefti sərbəstləşdirirdilər. Hazırda strateji ehtiyatların həcmi son 20 ildə ən aşağı səviyyədədir. Bu, əsasən Konqres tərəfindən sanksiyalaşdırılmış satışlarla bağlıdır.
ABŞ Administrasiyası nümayəndələrinin sözlərinə görə, neft alışı ilə bağlı birinci sifariş həmin 180 milyon barelin yalnız üçdə bir hissəsini təmin edəcək. Alışın konkret müddətləri qiymətlərin və tələbatın azalacağı dövrdə bazarlarda gözlənilən şərtlərlə müəyyən ediləcək.
AZƏRTAC-ın Vaşinqton bürosu