İQTİSADİYYAT
ABŞ və Səudiyyə Ərəbistanı neft bazarındakı inkişafları müzakirə edib
Bakı, 11 dekabr, Nihad Budaqov, AZƏRTAC
ABŞ və Səudiyyə Ərəbistanı neft bazarındakı son inkişafları müzakirə edib.
AZƏRTAC xəbər verir ki, müzakirələr ABŞ-ın enerji naziri Rick Perry ilə Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Al Falih tərəfindən aparılıb.
Bu barədə səudiyyəli nazir öz “Twitter” səhifəsində bunları yazıb: “ABŞ enerji naziri R.Perry ilə neft bazarındakı son prosesləri müzakirə etdik”.
Ölkəsinin bazarda sabitliyin davam etməsi üçün qəti fikirdə olduğunu deyən nazir görüşdə Səudiyyə Ərəbistanının karbon emissiyalarını azaltmaq üçün texnologiyaların inkişafı, enerji məhsuldarlığı ilə bağlı səyləri, eləcə də iki ölkə arasında texniki sahələrdə əməkdaşlığın müzakirə olunduğunu bildirib.
Xatırladaq ki, ötən həftə Vyanada OPEC və OPEC+ üzrə sutkalıq neft istehsalının 1,2 milyon barrel azaldılmasına qərar verilib. Dünyanın ən böyük xam neft ixracatçısı olan Səudiyyə Ərəbistanı bu qərar çərçivəsində gündəlik istehsalını 500 min barrel azaldaraq OPEC-ə üzv ölkələr arasında ən böyük fədakarlığı edəcək. 2019-cu ilin yanvar ayından etibarən 6 ay müddətə qüvvədə olacaq qərar üzrə İran, Liviya və Venesuelaya güzəşt tətbiq olunub.