ELM VƏ TƏHSİL


ADA Universitetində COMPASS layihəsinin açılış tədbiri olub

Bakı, 5 oktyabr, AZƏRTAC

Oktyabrın 5-də ADA Universiteti tərəfdaşları olan Kent, Kembric, Belarus Dövlət, Tacik Milli universitetləri və Özbəkistanın Dünya İqtisadiyyatı və Diplomatiya Universiteti ilə birgə Böyük Britaniya hökumətinin Qlobal Məsələlər Araşdırma Fondu tərəfindən maliyyələşdirilən COMPASS layihəsinin açılış tədbirini keçirib.

AZƏRTAC xəbər verir ki, layihə ADA Universitetinin Avropa Məsələləri üzrə Bilik Mərkəzi tərəfindən həyata keçiriləcək. Açılış tədbirində tərəfdaş universitetlərin gələcək planları və layihənin əsas fəaliyyət istiqamətləri ictimaiyyətlə, o cümlədən səfirlər, universitetin nümayəndələri, hökumət rəsmiləri və beynəlxalq təşkilatların təmsilçiləri ilə bölüşülüb.

ADA Universitetinin prorektoru Fariz İsmayılzadə qeyd edib ki, COMPASS Qlobal Məsələlər Araşdırma Fondunun ilk layihələrindən biridir. Məqsəd tərəfdaş ölkələrdəki qabaqcıl universitetlərdə birgə tədqiqatlara və ictimai platformaların inkişaf etdirilməsinə və dünya elm ictimaiyyətinə inteqrasiyasına təkan verməkdir.

Layihə Böyük Britaniya və tərəfdaş universitetlər arasında əlaqələri möhkəmləndirməyi və tədqiqat sahəsində regional mərkəz yaratmağı hədəfləyir. Layihə daxilində əməkdaşlıq və dialoqun daha da genişlənməsi məqsədilə elmi konfransların, səfərlərin, tələbə konfranslarının və təlimlərin təşkili planlaşdırılır.

ADA Universiteti Azərbaycanda əlverişli tədqiqat mühitinin yaradılmasında və təhsil sahəsinə innovativ yeniliklərin gətirilməsində mühüm rol oynayır. Universitet beynəlxalq əlaqələr, diplomatiya, iqtisadiyyat, dövlət və biznes idarəetməsi, təhsilin idarə edilməsi və informasiya texnologiyaları və kompüter mühəndisliyi sahəsində mütəxəssislər hazırlayır.

Sözügedən layihə ADA Universitetinin tədqiqatın genişləndirilməsi və beynəlxalq tədqiqat mühitinə inteqrasiya etdirilməsi istiqamətində bir addımı olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.