ELM VƏ TƏHSİL
ADA Universitetində Lütfi Zadənin irsinə həsr edilən konfrans keçiriləcək
Bakı, 11 oktyabr, AZƏRTAC
Oktyabrın 23-25-də ADA Universitetində İnformasiya və kommunikasiya texnologiyalarının tətbiqi (AICT 2019) mövzusunda 13-cü beynəlxalq konfrans keçiriləcək.
Universitetdən AZƏRTAC-a bildirilib ki, builki konfrans görkəmli alim Lütfi Zadənin irsinə həsr olunur. Konfransa Elektrik və Elektronika Mühəndisləri İnstitutunun (Institute of Electrical and Electronics Engineers) Azərbaycan şöbəsi texniki dəstək verir. Təqdim olunan məruzələr İKT-nin tətbiqi ilə bağlı elmi-nəzəri yenilikləri, ən son texnologiyaları, standartları, məhsulları və layihələri əhatə edir. AICT2019 konfransı çərçivəsində elmi məruzələrlə yanaşı, ustad dərsləri və nümayəndə heyətləri arasında işgüzar görüşlər təşkil olunacaq.
Tədbirin İKT-nin beynəlxalq tətbiqi sahəsinə əhəmiyyətli töhfə verəcəyi gözlənilir. Dünyanın 20-dən çox ölkəsinin alim və mütəxəssisləri konfransda bir araya gələrək İKT-nin elm, təhsil, biznes, sənaye, idarəetmə, tibb, sosial və humanitar sahələrdə tətbiqi ilə bağlı ən son yenilikləri bölüşəcək, müzakirə edəcək və təbliğ edəcəklər. AICT2019 konfransına bir çox elmi istiqamətlər üzrə, o cümlədən qeyri-səlis məntiq və “soft kompyutinq”, irihəcmli data mühəndisliyi və təhlili, kibertəhlükəsizlik və s. mövzularda məruzələr qəbul edilib.
Tədbir “Paşa Bank”ın baş sponsorluğu və Azərbaycan Turizm Bürosunun tabeliyində olan Azərbaycan Konqreslər Bürosunun dəstəyi ilə keçiriləcək.
Ətraflı məlumat konfransın rəsmi veb-səhifəsində http://www.aict.info/2019 yerləşdirilib.