ELM VƏ TƏHSİL


ADMİU-nun nəzdində Humanitar Kollecdə “Məzun günü” keçirilib

Bakı, 23 iyun, AZƏRTAC

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) nəzdində Humanitar Kollecdə “Məzun günü” keçirilib. Tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Bu barədə AZƏRTAC-a ADMİU-dan məlumat verilib. Bildirilib ki, tədbirdə çıxış edən kollecin direktoru Nərmin Qaralova məzunları təbrik edib, onlara gələcək həyatlarında uğurlar arzulayıb. Nərmin Qaralova 84 illik tarixə malik kollecin keçmiş məzunları arasında Azərbaycan incəsənətinin tanınmış nümayəndələrinin olduğunu vurğulayıb, təhsil müəssisəsinin ənənələrini qoruyub saxlamaqda indiki məzunları onların davamçısı kimi gördüyünü bildirib.

ADMİU-nun rektoru professor Ceyran Mahmudova kollecin tələbələrinə xoş arzularını çatdırıb. Rektor gələcəkdə ali təhsil almaq arzusu olanlara istədikləri ixtisas üzrə təhsillərini davam etdirməyi, digər sənətlə məşğul olan gənclərə isə seçdikləri yolda uğurlu olmağı arzu edib.

Kollecdə təhsil aldığı müddətdə xüsusi fəallığına, səmərəli və uğurlu fəaliyyətinə görə bir sıra tələbələrə təşəkkürnamələr verilib.

ADMİU-nun Musiqi sənəti fakültəsi, Estrada sənəti kafedrasının müdiri professor Məryəm Babayevaya tələbələri ilə birlikdə “Kollecin Məzun günündə fəal iştirakına görə” təşəkkürnamə təqdim edilib.

Tədbirdə qeyd edilib ki, bu il ADMİU nəzdində Humanitar Kollecdə 3 şöbə üzrə 16 ixtisasdan, Kulturologiya şöbəsindən turizm bələdçiliyi, kitabxana işi, muzey işi və abidələrin mühafizəsi, sosial iş, sığorta işi ixtisasları üzrə, Təhsil ixtisasları şöbəsindən məktəbəqədər təlim və tərbiyə, məktəbəqədər təhsildə korreksiyaedici təlim, təsviri incəsənət və fiziki tərbiyə müəllimliyi ixtisasları üzrə, İncəsənət şöbəsindən musiqi müəllimliyi, xanəndəlik, xalq çalğı alətləri, bədii yaradıcılıq işi, dekorativ tətbiqi incəsənət və xalq sənəti, musiqi nəzəriyyəsi, instrumental ifaçılıq ixtisasları üzrə ümumilikdə 400-dən çox tələbə məzun adını qazanıb.

Məzun gününün bədii hissəsində ADMİU-nun Musiqi sənəti fakültəsi, Estrada sənəti kafedrasının tələbələri şən musiqi nömrələri ilə çıxış ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.