ELM VƏ TƏHSİL


ADNSU ilə Hindistanın Mühəndislik və Texnologiya İnstitutu arasında əməkdaşlıq genişlənir

Bakı, 14 yanvar, AZƏRTAC

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilə Hindistanın Mühəndislik və Texnologiya İnstitutu arasında qarşılıqlı əməkdaşlıq sahəsində fəaliyyət göstərən birgə işçi qrupunun ilk iclası keçirilib.

Bu barədə AZƏRTAC-a ADNSU-dan məlumat verilib. Bildirilib ki, iclasda 2021-ci il dekabrın 15-də ADNSU ilə Hindistanın Mühəndislik və Texnologiya İnstitutu arasında bağlanmış müqavilədən irəli gələn məsələlər müzakirə edilib. İşçi qrupunun rəhbəri, əcnəbi tələbələrlə iş üzrə dekan dosent Yaşar Həsənov hər iki ölkənin elm və təhsil sahələrində əməkdaşlığının əhəmiyyətini vurğulayıb.

Görüşdə Kimya-texnologiya fakültəsinin dekanı professor Sevinc Məmmədxanova, Neft-mexanika fakültəsinin dekanı dosent Əli Hikmət Əhmədov, Sənaye maşınları kafedrasının professoru İbrahim Həbibov, Mexanika kafedrasının müdiri professor Ələsgər Əliyev, Maşınqayırma və materialşünaslıq kafedrasının müdiri dosent Tahir Cabbarov, Sənaye maşınları kafedrasının müdiri dosent Camaləddin Aslanov və dosent Ramil Sadıqov çıxış ediblər.

Çıxışlarda iki ali məktəb arasında bağlanmış əməkdaşlıq müqaviləsinin perspektivlərindən, Mühəndislik və Texnologiya İnstitutunun tədris edəcəyi fənn və göstərəcəyi maddi-texniki dəstəkdən, professor-müəllim heyətlərinin qarşılıqlı mübadiləsindən, iki təhsil müəssisəsi arasında mövcud olan ikili diplom proqramının əhəmiyyətindən, həmçinin elmi-texniki işlərin birgə layihələndirilməsindən, ixtisas seçimlərinin aparılmasından bəhs olunub.

Bu il oktyabrın 1-dən başlanacaq birgə layihə çərçivəsində Mühəndislik və Texnologiya İnstitutu ilkin mərhələdə öz tərkibində ADNSU-ya aid mexanika mühəndisliyi və kimya mühəndisliyi ixtisaslarını yaradacaq. Tədris prosesinin həyata keçirilməsi, tətbiq olunan metodlarla, təhsilin keyfiyyəti ilə yerində tanış olmaq məqsədilə ADNSU-dan hər tədris ilində Hindistana səfərlər təşkil olunacaq. Ezam olunacaq müəllim heyəti həm oradakı ADNSU tələbələrinin tədrisinə cəlb olunacaq, həm də hindistanlı müəllimlərə seminar və təlimlər keçəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.