ELM VƏ TƏHSİL
ADNSU ilə “NetСad” şirkəti arasında anlaşma memorandumu imzalanıb
Bakı, 18 may, AZƏRTAC
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “NetСad” şirkətinin nümayəndələri ilə görüş keçirilib.
Bu barədə AZƏRTAC-a ADNSU-dan məlumat verilib.
“NetCad”ın baş icraçı direktoru Bahadır İlgac rəhbərlik etdiyi qurum haqqında təqdimatla çıxış edib. O, şirkətin gördüyü işlər və həllər haqqında ümumi məlumat verib.
Şirkətin Strategiya və Biznes Tərəfdaşlıqları şöbəsinin baş direktoru Banu İlker, menecer Sercan Demirel şirkət haqqında məlumat verib, məhsullar, texnologiya və innovativ layihələr haqqında geniş təqdimatla çıxış ediblər.
Şirkətlə uzunmüddətli əməkdaşlıq əlaqələrinin olduğunu deyən ADNSU-nun rektoru professor Mustafa Babanlı perspektivlərə hesablanmış bütün layihələrdə birgə iş aparılmasının önəmini vurğulayıb.
Ümumilikdə 91 ölkə ilə əməkdaşlıq əlaqələrinin olduğunu deyən “NetCad” şirkətinin baş icraçı direktoru B.İlgac ADNSU ilə müxtəlif istiqamətlərdə əməkdaşlığa hazır olduqlarını deyib.
Sonra tərəflər arasında anlaşma memorandumu imzalanıb.
Qeyd edək ki, memoranduma əsasən 2022/2023-cü tədris ilindən Geoloji-kəşfiyyat fakültəsinin 4-cü kurs tələbələrinə “NetCad” şirkətinin proqramları çərçivəsində təlimlərdə iştirak etmiş ADNSU müəllimləri tərəfindən tədris planına uyğun olaraq proqramlaşdırma ilə bağlı dərslər keçiriləcək.