CƏMİYYƏT
ADNSU komandası “Nə? Harada? Nə zaman?” intellektual oyununun qalibi olub
Bakı, 13 may, AZƏRTAC
Nəsimi Rayon Gənclər və İdman İdarəsi, Azərbaycan Tibb Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və Azərbaycan İntellektual Oyunlar Klubunun birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş tələbələr arasında “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib.
Nəsimi Rayon Gənclər və İdman İdarəsindən AZƏRTAC-a bildiriblər ki, yarışın keçirilməsində məqsəd ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünü qeyd etmək, gənclərin intellektual səviyyəsini, dünyagörüşünü genişləndirmək və asudə vaxtlarını səmərəli təşkil etməkdən ibarətdir.
Tədbirdə Nəsimi rayon Gənclər və İdman İdarəsinin rəisi Şahmar Tağıyev, Azərbaycan Tibb Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədr müavini Cavid Mustafazadə, Azərbaycan İntellektual Oyunlar Klubunun vitse-prezidenti Günay Vəliyeva və tələbələr iştirak ediblər.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edənlər bildiriblər ki, ümummilli lider Heydər Əliyev gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab edib. Ulu Öndərin 1969-1982-ci illərdə respublikaya rəhbərlik etdiyi dövrlərdə yüzlərlə yeni tədris ocaqları, gənclik mərkəzləri, hərbi məktəblər açılıb, minlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil alıb, müasir ixtisaslara yiyələnib.
Daha sonra yarışa start verilib. Səkkiz komandanın iştirak etdiyi yarışda iştirakçılara 24 sual verilib.
Yarışın nəticələrinə görə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin ADNSU komandası birinci olub. Azərbaycan Dillər Universitetinin “Coup De Gras” komandası yarışı ikinci, Bakı Musiqi Akademiyasının FERZ komandası isə üçüncü pillədə başa vurublar.
Mükafatçılar kubok, medal və diplomlarla təltif olunublar.