ELM VƏ TƏHSİL


ADU beynəlxalq əlaqələrini genişləndirir

Bakı, 11 sentyabr, AZƏRTAC

Sentyabrın 11-də Bakı Biznes Mərkəzində Azərbaycan Dillər Universiteti (ADU) ilə Ural Federal Universiteti arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.

ADU-dan AZƏRTAC-a bildirilib ki, müqavilə tərəflər arasında təhsil və elm sahəsində uzunmüddətli əməkdaşlıq, tədris prosesində elmi nailiyyətlərin tətbiqi və təcrübə mübadiləsi, bərabərlik, qarşılıqlı fayda əldə edilməsi, qarşılıqlı anlaşma, hörmət və etibar prinsipləri əsasında yüksəkixtisaslı kadrların hazırlanması, elmi potensialın inkişafı, akademik, elmi və mədəni əlaqələrin qurulması, elmi araşdırma və təhsil sahəsində əlaqələrin inkişafı və möhkəmləndirilməsi məqsədi daşıyır.

İmzalanma mərasimində çıxış edən ADU-nun rektoru, akademik Kamal Abdulla tərəflər arasında imzalanmış müqaviləni yüksək qiymətləndirib. Rektor gələcəkdə bir çox birgə layihələrin həyata keçiriləcəyinə, tələbə mübadiləsinin reallaşacağına ümidvar olduğunu deyib.

Ural Federal Universitetinin rektoru Viktor Kokşarov əməkdaşlığın qurulmasından məmnunluğunu ifadə edib, birgə fəaliyyətin faydalı olacağına əminliyini bildirib.

Sonra Ural Federal Universitetinin əməkdaşları Azərbaycan Dillər Universitetində olublar. Qonaqları universitetdə görməkdən məmnunluğunu bildirən akademik Kamal Abdulla birgə əməkdaşlığın əlamətdar hadisə olduğunu vurğulayıb. Tərəflər arasında bağlanan müqavilənin həm müəllimlərin, həm də tələbələrin gələcək inkişafında əhəmiyyətli rol oynayacağı diqqətə çatdırılıb.

Kamal Abdulla Ural Federal Universitetinin müasir ali təhsil ocağı olduğunu, beynəlxalq əlaqələrdə çoxşaxəli sferalara malik olduğunu bildirərək əlavə edib ki, qarşılıqlı elmi nailiyyətlərin tətbiqi və təcrübə mübadiləsi həm Azərbaycan Dillər Universiteti üçün, həm də Azərbaycan təhsili üçün geniş imkanların yaranması deməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.