ELM VƏ TƏHSİL
ADU-da Çex Dili və Mədəniyyəti Mərkəzinin açılması nəzərdə tutulur
Bakı, 6 noyabr, AZƏRTAC
Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdulla Çex Respublikasının təhsil, gənclər və idman nazirinin müavini xanım Dana Prudnikova ilə görüşüb.
ADU-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə Kamal Abdulla qonağa universitet haqqında ətraflı məlumat verib. Bildirib ki, 1970-ci ildən fəaliyyət göstərən təhsil ocağında bir çox dillər tədris olunur. Rektor qeyd edib ki, ADU-da Çex Dili və Mədəniyyəti Mərkəzinin açılması nəzərdə tutulur. O, ümid etdiyini bildirib ki, Çex Respublikasının universitetlərindən birində isə Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi açılacaq.
K.Abdulla Azərbaycanın multikulturalizm sahəsində gördüyü işlərdən danışaraq bu istiqamətdə də birgə əməkdaşlığın mümkünlüyündən söz açıb.
Dana Prudnikova universitetdə Çex dilinin tədrisi istiqamətində atılacaq addımlara görə əvvəlcədən minnətdarlığını bildirib. Qeyd edib ki, ölkəsindəki universitetlərin birində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin açılması üçün əlindən gələn köməyi edəcək.