İDMAN
AFFA-DA GÖRÜŞ
Qonaqları səmimiyyətlə salamlayan AFFA-nın prezidenti Ramiz Mirzəyev son illər ölkəmizdə idmanın, o cümlədən futbolun inkişafı üçün həyata keçirilən tədbirlər barədə məlumat vermişdir. Qeyd olunmuşdur ki, Prezident İlham Əliyevin imzaladığı Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramına uyğun olaraq, uşaq futbolunun inkişafı, futbolun kütləviliyinin təmin olunması, ölkə çempionatı və kuboku uğrunda yarışlarda şəffaflığın qorunması, hakimlərin peşəkarlıq səviyyəsinin artırılması və digər sahələrdə məqsədyönlü işlər görülür. Görüşdə ölkələrimiz arasında futbol sahəsində də əməkdaşlığın genişlənməsi, müxtəlif yaş qrupları üzrə milli komandalar arasında yoldaşlıq görüşlərinin keçirilməsi təklif olunmuşdur.
Səmimi qəbula görə AFFA rəhbərliyinə minnətdarlığını bildirən qonaq, futbol sahəsində əməkdaşlıq üçün 3 mühüm amilə toxunmuşdur. Qeyd etmişdir ki, yığma komandalar arasında yoldaşlıq görüşlərinin keçirilməsi, hakimlər üzrə təcrübə mübadiləsinin aparılması və beynəlxalq turnirlərdə birgə iştirakın təmin edilməsi üçün hər iki futbol qurumunun əməkdaşlarından ibarət işçi qrupunun yaradılması vacib məsələlərdəndir.
Gənclər və idman naziri Azad Rəhimov son illər futbolun tərəqqisi naminə görülən işlərdən danışaraq, AFFA-nın inzibati binasının tikildiyini vurğulamışdır.
Görüşdən sonra qonaqlar futbol qurumunun inzibati binasının tikintisi ilə tanış olmuşlar.