İDMAN
AFFA-NIN VƏ FİFA-NIN PREZİDENTLƏRİ SÜRİXDƏ AZƏRBAYCAN FUTBOLUNUN İNKİŞAF PERSPEKTİVLƏRİNİ MÜZAKİRƏ ETMİŞLƏR
FİFA və AFFA prezidentlərinin görüşündə Azərbaycan futbolunun inkişaf perspektivləri müzakirə olunmuşdur. Qeyd edilmişdir ki, FİFA bundan sonra da Azərbaycan futbolunun inkişafına yardım göstərəcəkdir. Məşqçilərin, hakimlərin ixtisas səviyyəsinin artırılmasının, Azərbaycanın FİFA-nın inkişaf və yardım layihələrində daha fəal iştirakının xüsusi əhəmiyyət kəsb etdiyi bildirilmişdir. Qadınlar arasında futbolun, futzalın Azərbaycanda daha geniş yayılması üçün lazımi şərait yaradılacaqdır.
Yozef Blatter “Şəfa” stadionu ilə əlaqədar yaranmış anlaşılmazlığın aradan qaldırılması barədə AFFA prezidenti Ramiz Mirzəyevin məlumatından məmnun qaldığını bildirmişdir.
Prezident Yozef Blatterin tapşırığı ilə FİFA-nın bir çox departamentlərində Azərbaycan futbolunun problemləri ilə bağlı məsələlər müzakirə edilmişdir.
FİFA-nın baş katibi Urs Linsi ilə AFFA nümayəndələrinin görüşü də işgüzar və səmərəli keçmişdir. Görüşdə AFFA-nın baş katibi Fuad Əsədov iştirak etmişdir.
İsveçrədən Portuqaliyaya yollanan AFFA prezidenti Ramiz Mirzəyev və assosiasiyanın baş katibi Fuad Əsədov UEFA-nın iyulun 3-də Lissabonda keçiriləcək konqresində iştirak edəcəklər. İyulun 4-də futbol üzrə Avropa çempionatının final matçını qitənin bütün milli federasiyalarının rəhbərləri, o cümlədən AFFA-nın nümayəndələri canlı izləyəcəklər.