DÜNYA
Aİ ilə Böyük Britaniya arasında yeni sazişin əsas elementləri açıqlanıb
London, 17 oktyabr, AZƏRTAC
Avropa İttifaqı və Böyük Britaniya arasında yeni saziş imzalandıqdan sonra Brüsseldə keçirilən mətbuat konfransında Aİ-nin Brexit danışıqları üzrə baş vasitəçisi Mişel Barniye razılaşma haqqında məlumat verib.
AZƏRTAC xəbər verir ki, M.Barniye yeni razılaşmanın dörd əsas elementini açıqlayıb.
O deyib: “Şimali İrlandiya xüsusən sərhəddən çıxan mallara münasibətdə Aİ-nin bəzi qaydalarına riayət edəcək. Şimali İrlandiya İngiltərənin gömrük ərazisində qalacaq, ancaq Avropa İttifaqının ümumi bazarına giriş nöqtəsi olacaqdır. Ümumi bazarın bütövlüyü qorunacaq və Böyük Britaniyanın əlavə dəyər vergisi ilə bağlı qanununun tələbləri ilə razılaşacaq. Şimali İrlandiya Parlamenti hər 4 ildən bir bu qaydalara riayət etmək istəyib-istəmədiyi barədə qərar verə biləcək”.
Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunker öz “Twitter” hesabında yazıb : “İradənin olduğu yerdə, razılaşma da olur. Avropa İttifaqı və İngiltərə üçün ədalətli və balanslı bir müqaviləmiz var”.
Komissiya sədri bu gün Aİ sammitində sazişi liderlərə təqdim edəcək.
Aynurə Tağıyeva
AZƏRTAC-ın xüsusi müxbiri
London