ELM VƏ TƏHSİL
ALİMİN YUBİLEYİNƏ HƏSR OLUNMUŞ BEYNƏLXALQ ELMİ-PRAKTİK KONFRANS
Konfransın açılışında çıxış edən universitetin rektoru, memarlıq doktoru Gülçöhrə Məmmədova, professorlar Mərdan Cəlilov və Kamal Abdullayev, “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin sədri Yaşar Həsənov, moskvalı qonaq Boris Fedoseyev və başqaları Həsən Feyziyevin elmi-pedaqoji fəaliyyətindən danışmışlar. Bildirilmişdir ki, professor H.Feyziyev istilik energetikası, o cümlədən istilik təchizatı sistemləri üçün su hazırlığının axıntısız və az axıntılı texnologiyalarının işlənməsi istiqamətində tədqiqatları ilə şöhrət qazanmışdır. O, 44 ixtiranın, 240-dan çox elmi əsərin, o cümlədən 5 monoqrafiyanın və 10 metodik göstərişin müəllifidir. Onun ixtira etdiyi ikiselli-əksaxınlı süzgəclər Rusiyanın Taqanroq, Tambov və Biysk şəhərlərində indi də istehsal olunur.
H.Feyziyevin təklif etdiyi texnologiyalar əsasında 100-dən artıq qurğu layihələndirilmişdir. Görkəmli alimin ixtiraları hazırda dünyanın bir çox yerində, o cümlədən Çin, Türkiyə, İsrail, Ukrayna, Rusiya və digər ölkələrdə tətbiq olunur.
Sonra yubilyara qiymətli hədiyyələr təqdim edilmiş, xarici ölkələrdə yaşayan həmkarlarından, keçmiş tələbələrindən gəlmiş təbriklər oxunmuşdur.
Pofessor Həsən Feyziyev xatirələrini danışmış, tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirmişdir.
Fasilədən sonra konfrans işini bölmələr üzrə davam etdirmişdir.