İDMAN
ALMANİYADA FUTBOL ÜZRƏ DÜNYA BİRİNCİLİYİNƏ GƏLƏCƏK AZARKEŞLƏR ÜÇÜN ÇADIR ŞƏHƏRCİYİ SALINACAQDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, 2006-cı ildə Almaniyada keçiriləcək dünya birinciliyinin Təşkilat komitəsi ilə Federal Futbol Assosiasiyası - Bundesliqa arasındakı birgə razılaşma əsasında Almaniyanın Hafelland-Paaren-Glien ərazisində 5000 nəfər azarkeşi - qonağı qəbul edib onlara layiqincə xidmət göstərəcək çadır şəhərciyi tipli mehmanxana xidmət kompleksi yaradılacaqdır. Bu yer təsadüfən seçilməmişdir. Futbol azarkeşləri avtomobil və dəmir yollarının qovşağındakı bu ərazidən Berlin, Hamburq, Hannofer, Leypsiq, Düsseldorf və digər şəhərlərin stadionlarında keçiriləcək oyunlara tez getmək imkanı əldə edəcəklər.
Bu barədə məlumat dərc edən “Tagesspiegel” qəzeti yazır ki, Bundesliqa və “Fanprojekt-2006” (“Azarkeşlər-2006”) layihəsinin təşəbbüsçüsü olan Məhdud Məsuliyyətli Cəmiyyət çadır şəhərciyinin salınmasını maliyyələşdirməyə hazır olduğunu bildirmişdir. Təqribi hesablamalara görə, ən azı 100 milyon avroya başa gələcək çadır şəhərciyi və digər müasir xidmət obyektləri dünya birinciliyinin başlanmasına bir ay qalmış istifadəyə veriləcəkdir.