DÜNYA
ALMANİYA-NİDERLAND SƏRHƏDİNDƏ BİR GÜNDƏ 100 KİLOQRAM NARKOTİK MADDƏ TUTULMUŞDUR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Almaniya-Niderland sərhədindəki keçid məntəqələri yaxınlığındakı evlərdə yoxlama aparan gömrük xidmətçiləri və federal sərhəd mühafizə polisi şübhə doğuran beş mənzildə 85 kiloqram marixuana və həşiş taparaq müsadirə etmişlər. Bunun ardınca yoxlama və axtarış əməliyyatlarını Hollandiya ilə Almaniya arasındakı sərhəd şəhəri Ştraelen keçid məntəqəsində davam etdirən polis və gömrük əməkdaşları bir gün ərzində 650 minik maşınını saxlayaraq onlarda yoxlamalar aparmışlar. Hollandiyadan sərhədi keçərək Almaniya ərazisində hərəkət edən ər-arvadın şəxsi minik maşınında gizlədilmiş 15 kiloqram marixuana aşkar edilmişdir. Yaxalanan narkobiznesçi ər və arvad narkotik vasitəni Almaniyaya apardıqlarını etiraf etmişlər.
Polisin məlumatlarına görə, həmin gün yoxlamalar zamanı 13 şübhəli narkotrafikçi həbs olunmuşdur.