MƏDƏNİYYƏT
ALMATIDA RÜSTƏM İBRAHİMBƏYOVUN ƏSƏRİ TAMAŞAYA QOYULMUŞDUR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, M.Lermontov adına Almatı Dövlət Rus Dram Teatrında tanınmış ssenarist, “Oskar” mükafatı laureatı Rüstəm İbrahimbəyovun “İşşu partnyora dlya neçastıx vstreç” (“Hərdənbir görüşmək üçün tərəfdaş axtarıram”) pyesinin ilk tamaşası olmuşdur. Tamaşa anşlaqla keçmiş, əsər teatrsevərlərin ürəyincə olmuşdur.
Əsas rolları teatrın aparıcı aktyorları, respublika Dövlət mükafatı laureatları İrina Lebsak, Larisa Paukova, Sergey Ufimsev oynamışlar.
Rüstəm İbrahimbəyovu Qazaxıstanda yaxşı tanıyırlar. Çəkilişi ötən ilin sonlarında “Qazaxfilm” tərəfindən başa çatdırılan “Köçərilər” filminin də ssenari müəllifi və prodüseri tanınmış soydaşımız Rüstəm İbrahimbəyovdur. 34 milyon dollara başa gələn bu film Qazaxıstanın kino tarixində ən bahalı kino əsəridir. Demək olar ki, film bütün Avropa ölkələri tərəfindən alınmışdır.