ELM VƏ TƏHSİL
AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilmişdir
Bakı, 27 fevral (AZƏRTAC). Fevralın 27-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilmişdir.
Akademiyanın mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, iclasda AMEA-nın prezidenti vəzifəsini icra edən, akademik Akif Əlizadə Azərbaycan elminin görkəmli nümayəndəsi, bir sıra fundamental elmi tədqiqatların müəllifi akademik Mahmud Kərimovun elmi yaradıcılığı barədə məlumat vermişdir. Əvvəlcə akademik M.Kərimovun, sonra isə AMEA-nın müxbir üzvü Oqtay Əfəndiyevin xatirələri bir dəqiqəlik sükutla yad edilmişdir.
Sonra AMEA-nın Həsən Əliyev adına Coğrafiya İnstitutunun baş elmi işçisi, fizika-riyaziyyat elmləri doktoru Rauf Qardaşovun “Okean səthinin məsafədən tədqiqinin yeni metodlarının işlənməsi və Xəzər dənizinə tətbiqi” mövzusunda elmi məruzəsi dinlənilmişdir. İndiyədək dünyanın bir sıra nüfuzlu elmi nəşrlərində mühüm elmi nəticələri çap edilmiş alimin dəyərli tədqiqat işi alim və mütəxəssislər tərəfindən maraqla qarşılanmışdır.
Məruzə ətrafında müzakirə aparılmış, suallar cavablandırılmışdır.
Sonda gündəlikdə nəzərdə tutulan elmi-təşkilati və kadr məsələlərinə baxılmışdır.