ELM VƏ TƏHSİL


AMEA “TEKNOFEST Azərbaycan” festivalında uğurla iştirak edir

Bakı, 26 may, AZƏRTAC

Bakıda keçirilən “TEKNOFEST Azərbaycan” festivalı çərçivəsində təşkil olunan sərgidə AMEA üçün də geniş sahəni əhatə edən xüsusi pavilyon ayrılıb.

AZƏRTAC xəbər verir ki, tədbirdə AMEA-da aparılmış uzunmüddətli tədqiqatların nəticəsi olan rəqabətədözümlü, intellektual texnoloji məhsulları nümayiş etdirmək üçün akademiyanın 6 elmi-tədqiqat müəssisəsi və akademiyanın nəzdində fəaliyyət göstərən Yüksək Texnologiyalar Parkının (YTP) 5 rezidenti iştirak edir.

Sərgidə AMEA-nın prezidenti vəzifəsini icra edən akademik Arif Həşimov, AMEA-nın vitse-prezidenti, AMEA-nın “TEKNOFEST Azərbaycan” Aviasiya, Kosmos və Texnologiya festivalı çərçivəsində təşkil olunan sərgidə iştirakı ilə bağlı İşçi qrupunun rəhbəri akademik Rasim Əliquliyev, akademiyanın bir sıra elmi müəssisələrinin rəhbərləri və digər məsul şəxslər AMEA-nın pavilyonuna baxış keçiriblər.

Sərgidə VİP tur zamanı “BAYKAR Teknoloji” şirkətinin baş direktoru Haluk Bayraktar AMEA-nın pavilyonu ilə yaxından tanış olub, əldə olunan nailiyyətləri yüksək qiymətləndirib. Eləcə də Türkiyə Elmlər Akademiyasının prezidenti akademik Müzəffər Şəkər, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, SOCAR-ın birinci vitse-prezidenti akademik Xoşbəxt Yusifzadə və digər elm və texnologiya sahəsi üzrə tanınmış nümayəndələr pavilyona baxış keçirib, təqdim olunan layihələrə maraqlarını ifadə ediblər.

Akademik Rasim Əliquliyev AMEA pavilyonuna ziyarətçilər tərəfindən böyük diqqət göstərildiyini bildirib, pavilyonun bir çox xarici şirkətlərin böyük marağına səbəb olduğunu deyib. Qeyd edib ki, “TEKNOFEST Azərbaycan” festivalı Azərbaycan elminin dünya elminə inteqrasiyasına böyük imkanlar açır və əməkdaşlıq əlaqələrinin yaradılmasında mühüm rol oynayır.

AMEA-nın pavilyonunda yer alan institutların, eləcə də AMEA Yüksək Texnologiyalar Parkının rəsmi nümayəndələri pavilyonu ziyarət edənlərə təmsil etdikləri müəssisələrin elmi və innovativ yenilikləri, əldə olunan son texnoloji nailiyyətlər, o cümlədən pilotsuz uçuş aparatları, robotlar, “ağıllı” qurğular, mikrosxemlər, mühərrik, hidravlika yağları və s. haqqında ətraflı məlumat veriblər.

Qeyd edək ki, “TEKNOFEST” Aerokosmik və Texnologiya Festivalı Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyi və Selçuk Bayraktarın rəhbərlik etdiyi “Türkiye Teknoloji Takımı” – T3 Vəqfinin təşkilatçılığı ilə 2018-ci ildən etibarən hər il keçirilir (indiyədək 4 dəfə təşkil olunub). Türkiyədən kənarda ilk “TEKNOFEST” mayın 26-29-da Bakıda keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.