ELM VƏ TƏHSİL
AMEA-da Abşeron yarımadasının müasir geodinamik şəraitindən bəhs edən məruzə dinlənilib

Bakı, 14 noyabr, AZƏRTAC
Son illər Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya və Geofizika İnstitutunda və Respublika Seysmoloji Xidmət Mərkəzində Abşeron yarımadasında müasir geodinamik və seysmik şəraitin monitorinqi, geoloji dərinlik quruluşlu modellərin tərtibi və təhlükəli geoloji proseslərin müasir metodlarla öyrənilməsi və proqnozlaşdırılması istiqamətində fundamental elmi tədqiqatlar aparılır.
AZƏRTAC xəbər verir ki, bunu AMEA Rəyasət Heyətinin noyabrın 14-də keçirilən növbəti iclasında “Abşeron yarımadasının müasir geodinamik şəraiti: təhlükəli geoloji proseslərin modelləşdirilməsi və monitorinqi” mövzusunda məruzə ilə çıxış edən AMEA-nın Yer Elmləri Bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirov söyləyib. Sözügedən məruzə akademik Fəxrəddin Qədirov, Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, akademiyanın müxbir üzvü Qurban Yetirmişli və geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Əvəz Salamov tərəfindən birgə hazırlanıb.
Məruzədə Abşeron yarımadasının müasir seysmogeodinamik şəraiti, azdərinlikli təhlükəli geoloji proseslərin geoloji quruluşunun modelləşdirilməsi və monitorinqinə dair aparılmış fundamental elmi tədqiqat işlərinin nəticələri şərh edilib. Həmin nəticələrin bir çox təhlükəli geoloji proseslərin məkan paylanmasının və dinamik rejiminin öyrənilməsində xüsusi praktik əhəmiyyət daşıdığı vurğulanıb. Diqqətə çatdırılıb ki, Bakı şəhəri üçün təhlükə yaradan Bayıl-Badamdar zonasında əldə edilən məlumat bazasının sürüşmə yamaclarında qruntun xassələrini dəyişməsi və hərəkət dinamikasının izlənilməsində istifadəsi sürüşməyə qarşı strateji tədbirlərin hazırlanması işlərinin nəzəri əsasını təşkil edir.
Bildirilib ki, 2000-2018-ci illərdə Bayıl-Badamdar zonasında baş verən sürüşmə hadisələrinin dinamikası, sürüşmə dərinlikləri elektrotomoqrafiya, seysmik kəşfiyyat və kosmogeodeziya üsullarının tətbiqi ilə həyata keçirilib.
Məruzə dinlənildikdən sonra mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.