MƏDƏNİYYƏT
AMEA-nın Dilçilik İnstitutunun əməkdaşı mükafata layiq görülmüşdür
Bakı, 29 yanvar (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dilçilik İnstitutunun baş elmi işçisi, filologiya üzrə elmlər doktoru Roza Eyvazova gənc alimlərin yetişdirilməsində xidmətlərinə və elmin inkişafına verdiyi töhfələrə görə “Tuti Bikə” mükafatına layiq görülmüşdür.
Akademiyadan AZƏRTAC-a bildirmişlər ki, bununla bağlı institutda mükafatın təqdimat mərasimi keçirilmişdir.
İnstitutun direktoru, AMEA-nın müxbir üzvü, professor Tofiq Hacıyev mərasimdə çıxış edərək Roza Eyvazovanın yaradıcılığını yüksək dəyərləndirmişdir.
Tədbirdə qeyd olunmuşdur ki, Roza Eyvazova 1967-ci ildən başlayaraq AMEA-nın Dilçilik İnstitutunda kiçik elmi işçi, böyük elmi işçi, şöbə müdiri vəzifələrində işləmişdir. R.Eyvazova hazırda bu elmi müəssisədə baş elmi işçi vəzifəsində çalışır.
1996-cı ildən filologiya üzrə elmlər doktoru olan R.Eyvazova 150-dən çox əsərin, həmçinin monoqrafiya, kitab və məqalələrin müəllifidir.
Uzun illər səmərəli əmək fəaliyyətinə görə bir sıra medal və fəxri fərmanlarla təltif edilmişdir.
Sonra mükafat Roza Eyvazovaya təqdim edilmişdir.
Tədbirdə digər çıxış edənlər Roza Eyvazovanın yüksək ixtisaslı kadrların yetişdirilməsində, türkologiya və şərqşünaslıq elminin inkişafındakı xidmətlərindən söhbət açmış, alimin elmi və bədii yaradıcılığını yüksək qiymətləndirmişlər.