ELM VƏ TƏHSİL
AMEA-nın Mərkəzi Nəbatat bağında sərgi təşkil olunub
Bakı, 23 iyul, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Nəbatat bağında Eko-Aləm İctimai Birliyinin (İB) həyata keçirdiyi “Məktəblilərlə milli parklar ərazisində ətraf mühitin müşahidə edilərək öyrənilməsi” layihəsi çərçivəsində sərgi təşkil olunub.
Nəbatat bağından AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə keçirilən sərgidə məktəblilərin Şirvan, Göygöl və Şahdağ milli parklarında çəkdikləri fotolardan ibarət stendlər və gənc rəssamların təbiəti əks etdirən əsərləri nümayiş olunub.
Tədbirdə layihə haqqında ətraflı məlumat verən İB-nin sədri Sevil Yüzbaşeva “Təbiətin dostu” sertifikatını məktəblilərə təqdim edib.
Sonda stendləri dəyərləndirmək məqsədilə müsabiqə keçirilib. Qəbələ rayonunun Vəndam qəsəbəsindəki Eldəniz Mehdiyev adına 1 nömrəli tam orta məktəbin stendi qalib seçilib.