REGİONLAR
AMEA-nın Naxçıvan Bölməsində “Şamil Qazıyev-110” elmi konfransı keçirilib
Naxçıvan, 29 mart, AZƏRTAC
AMEA-nın Naxçıvan Bölməsi, Naxçıvan Dövlət Universiteti, Naxçıvan Müəllimlər İnstitutu və Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin təşkilatçılığı ilə görkəmli rəssam Şamil Qazıyevin 110 illik yubileyi münasibətilə elmi konfrans keçirilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, AMEA-nın Naxçıvan Bölməsində keçirilən konfransı bölmənin sədri, akademik İsmayıl Hacıyev açıb.
Konfransda çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun “Görkəmli rəssam Şamil Qazıyevin 110 illik yubileyinin keçirilməsi haqqında” 2018-ci il 1 fevral tarixli Sərəncamına əsasən görkəmli rəssamın 110 illik yubileyinin muxtar respublikada geniş qeyd olunduğunu bildirib. “Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin bu sərəncamı bir daha təsdiq edir ki, muxtar respublikada müstəqillik illərində incəsənətə, mədəniyyətə, mənəvi irsimizə böyük diqqət var”, - deyə Rəhman Məmmədov vurğulayıb.
Qeyd olunub ki, Şamil Qazıyev zəngin həyat və yaradıcılıq yolu keçib. 1908-ci ildə qədim Azərbaycan şəhəri İrəvanda anadan olub, 1920-ci ildən ailəsi ilə birlikdə Naxçıvana köçüb. 1929-cu ildə Bakı Rəssamlıq Məktəbini bitirən Şamil Qazıyev 1929-1932-ci illərdə Naxçıvan Pedaqoji Texnikumunda rəsm müəllimi, 1932-ci ildən sonra müxtəlif illərdə “Kommunist” və “Şərq qapısı” qəzetlərində rəssam, Naxçıvan Dövlət Musiqili Dram Teatrında baş rəssam, 1939-1940-cı illərdə Naxçıvan Rəssamlıq Məktəbinin direktoru, 1948-1980-ci illərdə isə “Azərbaycan gəncləri” qəzetində rəssam işləyib.
“Ömrünün 50 ilini təsviri sənətə və teatr rəssamlığına həsr edən Şamil Qazıyev vətənpərvər rəssam olub, müxtəlif janrlarda maraqlı əsərlər yaradıb”, - deyən Rəhman Məmmədov diqqətə çatdırıb ki, rəssamın Naxçıvanın tarixi, təbiəti, adət-ənənələri, həyat və məişəti ilə bağlı çəkdiyi “Çoban”, “Xırmanda”, “Qalayçılar”, “Dəyirman”, “Lavaş yapanlar”, “Qaçqınlar”, “Çarıqçılar”, “Öküzlərin nallanması”, “Örtülü bazar”, “Naxçıvan hamamı”, “İnqilabaqədərki Naxçıvan”, “Naxçıvanda köhnə həyat” kimi əsərlər keçmiş tariximizin və mədəniyyətimizin öyrənilməsi üçün olduqca mühüm əhəmiyyətə malikdir. Bu baxımdan Şamil Qazıyev yaradıcılığı, eyni zamanda, Naxçıvanın tarixidir. Bu tarix o dərəcədə real cizgilərlə tamamlanıb ki, heç bir çətinlik çəkmədən onlara baxıb Naxçıvanın XX əsr tarixinin müəyyən elementlərini, tarixi və mədəniyyət abidələrini bərpa etmək mümkündür. Məhz buna görə də Şamil Qazıyev yaradıcılığına xüsusi diqqət göstərilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı və himayəsi ilə 2010-cu ildə onun əsərlərindən ibarət albom-kataloq hazırlanıb və təqdimatı keçirilib. Bununla yanaşı, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 5 iyun tarixli Sərəncamı ilə yaradılan “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində, həmçinin Naxçıvan Dövlət Tarix Muzeyində Şamil Qazıyevin Naxçıvanın tarixinin, adət-ənənələrinin və məişətinin parlaq şəkildə öz əksini tapdığı əsərləri sərgilənir.
Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Görkəmli rəssam Şamil Qazıyevin 110 illik yubileyinin keçirilməsi haqqında” 2018-ci il 1 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planına əsasən, Bəhruz Kəngərli adına Sərgi Salonunda görkəmli rəssamın əsərlərindən ibarət sərgi təşkil olunub. Onun yaradıcılığı ilə bağlı tədqiqat işlərinin aparılması, uşaq incəsənət məktəblərində “Şamil Qazıyevin yaradıcılığında Naxçıvan” mövzusunda ustad dərslərin keçirilməsi davam etdirilir. “Şamil Qazıyev-110” elmi konfransı da Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sərəncamına əsasən keçirilir.
Konfransda AMEA Naxçıvan Bölməsi Əlyazmalar Fondunun direktoru, filologiya üzrə fəlsəfə doktoru Fərman Xəlilovun “Görkəmli rəssam Şamil Qazıyevin həyatı və yaradıcılığı”, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyevanın “Şamil Qazıyev yaradıcılığına dövlət qayğısı”, Naxçıvan Dövlət Universitetinin dosenti, pedaqogika üzrə fəlsəfə doktoru Mahir Xəlilovun “Şamil Qazıyevin əsərlərində milli motivlər”, Naxçıvan Müəllimlər İnstitutunun baş müəllimi Nizami Alıyevin “Şamil Qazıyev yaradıcılığında məişət janrı” mövzularında çıxışları dinlənilib.
Çıxışlarda bildirilib ki, müxtəlif janrlarda və mövzularda bir-birindən orijinal, dəyərli sənət əsərləri yaratmış Şamil Qazıyevin yaradıcılığında qədim diyarımızın həyatı, etnoqrafik xüsusiyyətləri dolğun şəkildə öz əksini tapıb. Görkəmli rəssamın həyat və yaradıcılığı, Vətənə bağlılığı muxtar respublikamızın gənc rəssamları üçün əsl nümunədir. Qeyd olunub ki, ötən əsrin 40-cı illərində təsis edilən “Naxçıvan MSSR Əməkdar incəsənət xadimi” fəxri adı 1944-cü ildə ilk dəfə Şamil Qazıyevə verilib. 1978-ci ildə isə onun Naxçıvan şəhərində fərdi sərgisi təşkil olunub.
Sonra görkəmli rəssam Şamil Qazıyevin qızı Natella Qaziyeva çıxış edərək göstərilən diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib.