ELM VƏ TƏHSİL
AMEA-nın Şərqşünaslıq İnstitutu və İtaliyanın Şərq Universiteti arasında qarşılıqlı anlaşma haqqında müqavilə imzalanmışdır
Bakı, 6 fevral (AZƏRTAC). İtaliyanın Neapol Şərq Universitetinin prorektoru, professor Cüzeppe Kataldi və həmin universitetin professoru Mikele Bernardini fevralın 6-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda olmuşlar.
İnstitutun mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, görüşdə Şərqşünaslıq İnstitutunun direktoru, Mili Məclisin deputatı, professor Gövhər Baxşəliyeva rəhbərlik etdiyi institutun yaranma tarixi və ötən 54 ildə fəaliyyəti barədə italiyalı qonaqlara müfəssəl məlumat vermiş, bu elm müəssisəsinin elmi istiqamətləri, fəaliyyət göstərən şöbələrdən danışmışdır.
Şərqşünaslıq İnstitutunda ilk vaxtlardan ənənəvi istiqamətlər - ərəbşünaslıq, iranşünaslıq və türkologiya istiqamətində araşdırılmalar aparıldığını deyən G.Baxşəliyeva, son vaxtlar Mərkəzi Asiya və Uzaq Şərq regionlarının da institutda tədqiqatlar dairəsinə daxil olduğunu və bu istiqamətdə ayrıca bir şöbənin fəaliyyət göstərdiyini bildirmişdir.
Qonaqlara institutda çap olunan kitablar haqqında da məlumat verilmişdir.
G.Baxşəliyeva İtaliya və Azərbaycan arasında tarixi əlaqələrdən də söz açmış, xüsusən Səfəvilər dövründə Azərbaycanın İtaliyada səfirlərinin olmasını xatırlatmışdır.
Görüşdən məmnunluğunu bildirən Cüzeppe Kataldi təmsil etdiyi universitet haqqında məlumat vermişdir. O, bildirmişdir ki, 300 yaşı olan Neapol Şərq Universiteti əvvəlcə çinşünaslıq sahəsində bir kollec kimi yaradılmışdır. Bu kollec Avropada çinşünaslıq sahəsində ilk təhsil müəssisəsi olmuşdur. Hazırda universitetdə humanitar elmlər sahəsində tədris və tədqiqatlar aparılır.
C.Kataldi Neapol Şərq Universitetinin AMEA-nın akadеmik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu ilə əlaqələrin qurulmasında çox maraqlı olduğunu söyləmiş və bu əməkdaşlığın hər iki tərəfə böyük fayda verəcəyindən əminliyini bildirmişdir.
İtaliyalı mütəxəssis hər iki ölkə alimlərinin birgə layihələrinin keçirilməsi perspektivlərindən də danışmışdır.
Sonra italiyalı qonaqlar AMEA Mərkəzi Elmi Kitabxanasının Şərq fondu, kitabxananın əsas qiraət zalı, AMEA-nın konfrans zalı, Şərqşünaslıq İnstitutunun kitabxanası ilə tanış olmuş, kollektiv ilə görüşmüşlər.
Cüzeppe Kataldi və Mikele Bernardini azərbaycanlı alimlərə Neapol Şərq Universitetində şərqşünaslıq sahəsində aparılan tədqiqatlardan danışmışlar. Şərqşünaslıq İnstitutunun alimləri isə italiyalı qonaqlara öz elmi fəaliyyətləri haqqında məlumat vermişlər.
Görüşün sonunda AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu və Neapol Şərq Universiteti arasında qarşılıqlı anlaşma haqqında müqavilə imzalanmışdır. Müqaviləni Azərbaycan tərəfindən Gövhər Baxşəliyeva, İtaliya tərəfindən Cüzeppe Kataldi imzalamışlar.
Müqavilədə müəssisələrin tədqiqatçı, aspirant və tələbələrinin mübadiləsinə yardım göstərilməsi, əməkdaşların elmi ixtisasının artırılması sahəsində qarşılıqlı yardım, qabaqcıl metodlar sahəsində təcrübə mübadiləsi, ikitərəfli birgə simpozium, seminar və konfransların təşkili, qarşılıqlı maraqlar əsasında birgə layihə və proqramların icrasına dəstək verilməsi nəzərdə tutulur.