REGİONLAR
AMEA-nın institutlarının əməkdaşları Lənkəran Regional Elmi Mərkəzində olublar
Lənkəran, 21 sentyabr, Bağır Əliyev, AZƏRTAC
AMEA-nın Lənkəran Regional Elmi Mərkəzində elmi-tədqiqat işlərində Akademiyanın digər qurumları ilə birgə fəaliyyətə xüsusi önəm yetirilir. Mərkəz AMEA-nın Torpaqşünaslıq və Aqrokimya, Botanika, Molekulyar Biologiya və Biotexnologiyalar, Mikrobiologiya, habelə digər institutları ilə daha sıx əməkdaşlıq edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun fotobioenergetika laboratoriyasının müdiri, biologiya elmləri doktoru Yaşar Feyziyev, Botanika İnstitutunun Mikologiya laboratoriyasının müdiri, biologiya elmləri doktoru Dilzarə Ağayeva, gənc əməkdaşlar Aytac Əliməmmədova və Yaqut Yusifova Lənkəran Regional Elmi Mərkəzinin təcrübə sahəsində aparılan elmi-tədqiqat işləri ilə yaxından tanış olublar .
Lənkəran Regional Elmi Mərkəzinin direktoru, aqrar elmlər doktoru, professor Fərman Quliyev ekspedisiya üzvlərinə mərkəzin apardığı elmi-tədqiqat işləri, əldə edilən nəticələr barədə ətraflı məlumat verib.
Sonra ekspedisiya üzvləri çay və sitrus bitkilərində mikoloji müşahidələr aparıb, ilkin nəticələrə əsasən məsləhətlərini veriblər.
Ekspedisiya üzvləri, həmçinin təcrübə sahəsindən Botanika İnstitutunun mikoloji laboratoriyasında analizlər aparmaq üçün nümunələr götürüblər.