REGİONLAR


AMEA-nın müxbir üzvü Əliəddin Abbasovun 65 illik yubileyi qeyd olunub

Naxçıvan, 3 iyul, AZƏRTAC

AMEA Naxçıvan Bölməsində AMEA-nın müxbir üzvü, kimya üzrə elmlər doktoru Əliəddin Abbasovun 65 illik yubileyi qeyd olunub.

AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə çıxış edən bölmənin sədri, akademik İsmayıl Hacıyev Əliəddin Abbasovun elmi fəaliyyəti barədə ətraflı məlumat verib.

İsmayıl Hacıyev qeyd edib ki, Əliəddin Abbasov 2014-cü il iyunun 30-da AMEA-nın müxbir üzvü seçilib. Onun elmi fəaliyyətinin əsas istiqamətini müxtəlif xarakterli sorbentlər, onların funksional qruplarının təbiəti, sorbsiya proseslərinin kinetikası, dinamikası, termodinamikası, işlənmiş sorbentlərin regenerasiya rejimlərinin elmi əsaslarının işlənib hazırlanması təşkil edir. Əliəddin Abbasov, həmçinin bir sıra fundamental araşdırmalar aparır. Onun nəzəri və praktik planda əldə etdiyi ən mühüm nəticə sorbsiyanın seçiciliyi ilə sorbentlərin kinetik qabiliyyəti arasındakı əlaqənin müəyyənləşdirilməsi olub.

Qeyd edilib ki, Əliəddin Abbasovun sorbsiya proseslərinin termodinamikasının öyrənilməsində əldə etdiyi nəticələr Rusiyada müntəzəm keçirilən kimya termodinamikasına həsr olunan beynəlxalq konfransların materiallarında dərc olunur. O, bu konfransların hamısında məruzələrlə çıxış edib. Eyni zamanda, Rusiyanın İvanov şəhərində “Adsorbsiyanın və katalizin aktual problemləri” mövzusunda keçirilən Ümumrusiya konfranslarının işində 2006-cı ildən davamlı olaraq iştirak edir. Əliəddin Abbasov 180-dən çox elmi əsərin və 1 kitabın müəllifidir. Onun əsərlərinin xeyli hissəsi xaricdə çap olunub.

Akademik İsmayıl Hacıyev vurğulayıb ki, Əliəddin Abbasovun elmi maraq dairəsi təkcə sorbsiya prosesləri ilə məhdudlaşmır. Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun qrantı əsasında Naxçıvanın mineral sərvətlərinin öyrənilməsi ilə bağlı əldə etdiyi nəticələr xüsusilə qeyd olunmalıdır.

Tədbirdə AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun elmi işlər üzrə direktor müavini Bayram Rzayev, AMEA Naxçıvan Bölməsinin Əlyazmalar Fondunun direktoru Fərman Xəlilov, Bioresurslar İnstitutunun laboratoriya rəhbəri Varis Quliyev, Təbii Ehtiyatlar İnstitutunun laboratoriya rəhbəri Günel Məmmədova, Təbii Ehtiyatlar İnstitutunun elmi katibi Əhməd Qarayev çıxış edərək yubilyarı təbrik edib, ona gələcək fəaliyyətində yeni-yeni uğurlar arzulayıblar.

Sonda yubilyar Əliəddin Abbasov minnətdarlıq edərək bildirib ki, muxtar respublikada elmə və elm adamlarına daim yüksək diqqət və qayğı göstərilir. O qeyd edib ki, biz elm adamları da göstərilən etimadı doğrultmalı, elmin inkişafı istiqamətində əlimizdən gələni əsirgəməməliyik.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.