SİYASƏT
AMERİKA AZƏRBAYCAN CƏMİYYƏTİNƏ MÜKAFAT
Azərbaycan diasporunun ilk təşkilatlarından biri olan Amerika Azərbaycan Cəmiyyəti (AAC) Amerikan Türk Assosiasiyaları Assambleyasının (ATAA) tərkibində fəaliyyətinə görə mükafata layiq görülmüşdür. Mükafatı ATAA-nın 23-cü illik konfransında Türkiyənin ABŞ-dakı səfiri Faruk Loğoğlu Cəmiyyətin prezidenti Tomris xanım Azəriyə təqdim etmişdir.
ABŞ-Türkiyə əlaqələri, 11 sentyabr hadisələrindən sonra müsəlman əhalili dövlətlərin rolu, demokratiya və islam məsələlərini araşdıran konfransda Azərbaycan mövzusu da yer almışdır.
Milli mənliyimiz haqqında məruzə ilə çıxış edən Tomris Azəri xatırlatmışdır ki, Azərbaycan qədim tarixə və mədəni köklərə malik ölkədir, Şərqdə demokratik dəyərlərə əsaslanan ilk cümhuriyyət burada yaranmışdır. Xalqımız sovet dövründə də öz milli mənliyini unutmamış, adət-ənənələrini qoruyub saxlamışdır.
Tomris Azəri Azərbaycanın bugünkü vəziyyəti haqqında da danışmış, ölkəmizin ərazisinin 20 faizinin Ermənistanın işğalı altında olduğunu, bir milyon insanın qaçqın və məcburi köçkünə çevrildiyini vurğulayaraq təəssüflə bildirmişdir ki, beynəlxalq ictimaiyyət Dağlıq Qarabağ probleminin həllinə biganədir. Lakin bütün bunlara, habelə qarşılaşdığı digər çətinliklərə baxmayaraq, Azərbaycanın öz qapılarını dünyaya geniş açdığını vurğulayan Tomris Azəri demişdir: “Prezident Heydər Əliyev dünyada müdrik və uzaqgörən siyasəti ilə tanınmışdır. O, müstəqil Azərbaycanı inkişaf edən iqtisadiyyatla, möhkəm dövlətlə və ən əsası, ənənəvi milli dəyərlərlə yeni baxışları bir araya gətirən milli mənliklə irəliyə aparır. Xaricdə yaşayan azərbaycanlıların bir-biri ilə əlaqə yaratmasında Azərbaycan dövləti başçısının təşəbbüskarı olduğu dünya azərbaycanlılarının I qurultayı böyük rol oynamışdır”.
Şəfəq Akifqızı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton