REGİONLAR
AQRAR SAHƏDƏ ARTIM DAVAM EDİR
Bakı, 20 dekabr (AZƏRTAC). 2009-cu ilin on bir ayında kənd təsərrüfatında ümumi məhsul istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 3,3 faiz, o cümlədən bitkiçilik məhsulları istehsalı 3,9 faiz, heyvandarlıq məhsulları istehsalı 2,4 faiz artmışdır.
Dövlət Statistika Komitəsindən bildirmişlər ki, dekabrın 1-nə kimi qarğıdalı da daxil olmaqla 2 milyon 988,3 min ton taxıl, 979,1 min ton kartof, 1 milyon 161,7 min ton tərəvəz, 28,3 min ton pambıq, 704,5 min ton meyvə və giləmeyvə, 410 min ton bostan məhsulları, 123,3 min ton üzüm, 174,5 min ton şəkər çuğunduru, 2,6 min ton tütün, 374,3 ton yaşıl çay yarpağı toplanmış, diri çəkidə 278,8 min ton ət, 1 milyon 307,7 min ton süd, 1 milyard 80,5 milyon ədəd yumurta və 14,9 min ton yun istehsal olunmuşdur. Tərəvəz, pambıq və kartof istisna olmaqla qalan bitkiçilik və heyvandarlıq məhsullarının istehsalı ötən illə müqayisədə artmışdır.