CƏMİYYƏT
AQTİ-nin Milli Referens Laboratoriyası beynəlxalq səriştəlilik sınağında yüksək nəticə əldə edib
Bakı, 16 aprel, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) nəzdində fəaliyyət göstərən laboratoriyalar mütəmadi olaraq peşəkarlıq sınaqlarına cəlb edilir. Aparılan sınaq nəticələrinin düzgünlüyünün və etibarlılığının təmin olunması, həmçinin işçi heyətin səriştəliliyinin artırılması məqsədilə AQTİ nəzdində fəaliyyət göstərən laboratoriyalar beynəlxalq laboratoriyalararası səriştəlilik sınaqlarında iştirak edir.
İnstitutun İctimaiyyətlə əlaqələr və maarifləndirmə departamentindən AZƏRTAC-a verilən məlumata görə, həmin tədbirlər çərçivəsində bu il martın 28-də Milli Referens Laboratoriyası Amerikanın Texas Universitetinin “Aflatoksin sınağı” üzrə təşkil etdiyi proqramda beynəlxalq laboratoriyalararası səriştəlilik sınağına qatılıb. Xarici laboratoriyaların da iştirak etdiyi səriştəlilik sınağında AQTİ-nin Milli Referens Laboratoriyası yüksək nəticə əldə edib.
Qeyd edək ki, bu günədək sınaq laboratoriyaları xarici laboratoriyaların qatıldığı və İngiltərənin “FAPAS”, “LGC Standard” və “Pirbright”, Almaniyanın “Muva Kempten”, Fransanın “BİPEA” kimi təşkilatlarının rəhbərliyi ilə beynəlxalq “Laboratoriyalararası müqayisə” sınaqlarında iştirak edərək yüksək nəticə göstərən laboratoriyalar sırasında yer alıb.