SİYASƏT
AŞPA-DA XƏZƏRİN ENERJİ EHTİYATLARI VƏ TƏMİZ SU PROBLEMLƏRİ MÜZAKİRƏ EDİLƏCƏKDİR
Avropa Şurası Parlament Assambleyasının Ətraf Mühit Komitəsinin Vyanada keçirilən iclasında “Xəzərin enerji ehtiyatları” mövzusunda ilkin məruzə dinlənildikdən sonra problemi daha yaxından araşdırmaq məqsədi ilə əlavə məruzəçi təyin edilmişdir.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasından AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, həmin məruzəçi Türkiyə Böyük Millət Məclisinin deputatıdır.
Ətraf Mühit Komitəsinin tərkibində yaradılmış yardımçı komitənin iclasında isə təmiz su problemi müzakirə edilmişdir. Əsas müzakirə obyekiti BMT-nin 2003-cü ili təmiz su ili elan etməsi və Azərbaycanın sərhəd sularının çirkləndirilməsi məsələləri olmuşdur.
Azərbaycan parlamentinin AŞPA-dakı nümayəndə heyətinin üzvü Rəfael Hüseynov Azərbaycanın təmiz sularına sərhəd çayları vasitəsi ilə axıdılan zərərli tullantılar barədə çıxış etmişdir. Onun Gürcüstanın Rustavi və Tbilisi şəhərlərindən sənaye və məişət çirkabının Kür çayını ciddi çirkləndirməsi, Ermənistandakı mis və molibden emalı ilə məşğul olan zavodlarının kimyəvi, eləcə də Metsamor AES-in radioaktiv tullantılarının Arazın sol qolu olan Oxçuçaya axıdılması və nəticədə, Arazın 43 kilometrlik ərazidə ölü zonaya çevrilməsi barədə məlumatları avropalı deputatları ciddi narahat etmişdir. Avropalı deputatlar daha geniş məlumat şəbəkəsinin yaradılması üçün məruzəçinin təyin edilməsi və problemin araşdırılaraq Assambleyada xüsusi müzakirəyə çıxarılmasını qərara alıblar.
Region dövlətlərindən təkcə Azərbaycanın BMT-nin sərhəd suları və göllərin mühafizəsi ilə bağlı 1992-ci il Konvensiyasına qoşulması müsbət hal kimi qiymətləndirilmiş, Gürcüstan və Ermənistanın da bu Konvensiyaya qoşulmasına nail olunması qarşıya məqsəd qoyulmuşdur.