CƏMİYYƏT
AŞPA-nın yay sessiyasında Azərbaycanda pandemiya ilə mübarizə sahəsində görülən işlərdən danışılıb
Strasburq, 23 aprel, AZƏRTAC
Koronavirus pandemiyası bütün dünya üçün böyük bir sınaq oldu. Dünyada sosial və iqtisadi böhran yaşandı. Azərbaycan da koronavirus pandemiyasına qarşı mübarizədə və onun mənfi təsirlərinin aradan qaldırılmasında davamlı tədbirlər görüldü. Ümumiyyətlə, pandemiyanın milli iqtisadiyyata, makroiqtisadi sabitliyə, məşğulluğa və sahibkarlıq subyektlərinə mənfi təsirini azaltmaq üçün görülən tədbirlərin maliyyələşdirilməsi üçün iqtisadiyyata 2020-ci il dövlət büdcəsindən və digər mənbələrdən ümumilikdə təxminən 2,5 milyard manat vəsait ayrılıb. Pandemiya zamanı məşğulluq məsələlərinə xüsusi diqqət yetirilib.
AZƏRTAC xəbər verir ki, bu fikirləri AŞPA-da “COVID-19 pandemiyasının yaratdığı sosial-iqtisadi böhranın aradan qaldırılması” mövzusunda məruzənin müzakirələri zamanı Azərbaycanın qurumdakı nümayəndə heyətinin üzvü Pərvin Kərimzadə söyləyib.
Bildirilib ki, pandemiya zamanı gəlirlərini itirən insanlar hökumət tərəfindən maliyyə yardımları alıblar. Dövlət sosial baxımdan həssas ailələrdən olan tələbələrin təhsil haqqını ödəyib. Özünüməşğulluq proqramının əhatə dairəsi genişləndirilib.
Deputat vurğulayıb ki, pandemiya dövrü bütün ölkələr üçün çətin idi, ancaq Azərbaycan üçün iki qat çətin olub. Belə ki, Azərbaycan yalnız pandemiyanın fəsadlarının deyil, eyni zamanda, İkinci Qarabağ müharibəsinin mənfi nəticələrini də aradan qaldırmaq üçün tədbirlər görürdü. Ermənistanın atdığı raketlər nəticəsində hərbi əməliyyatların getdiyi ərazilərdən uzaq şəhərlərdə yüzlərlə ev dağıdıldı. Ölkəmiz həmin evlərin yenidən tikilməsi ilə bərabər, azad edilmiş ərazilərdə bərpa işləri də aparır. Bölgənin enerji təchizatı, nəqliyyat və iqtisadi infrastrukturu da sürətlə bərpa olunur.
P.Kərimzadə azad edilmiş ərazilərdə ətraf mühitin qorunmasına yönəlmiş “yaşıl enerji” layihələrinin, bölgədə "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyalarının həyata keçirilməsində qabaqcıl texnologiyaların tətbiqindən, xarici şirkətlərin bu işlərdə iştirakından söz açıb. Vurğulayıb ki, erməni tərəfinin minalanmış ərazilərin xəritələrini verməkdən imtina etməsi bərpa prosesini ləngidir.
Sonda bildirilib ki, pandemiyanın mənfi təsirlərini aradan qaldırmaq üçün bütün dövlətlər birgə fəaliyyət göstərməlidirlər.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq