SİYASƏT


“AVA Diplomatic”: Rəsmi Yerevan Livan, Suriya və İraqdan erməniləri Ermənistana köçürür və müharibə cinayəti törədir

Tehran, 14 oktyabr, AZƏRTAC

Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov İranın ingilisdilli “AVA Diplomatic” saytına müsahibə verib.

AZƏRTAC xəbər verir ki, səfir Azərbaycan Ordusunun əks-hücum əməliyyatına toxunub. Qeyd olunub ki, Sovet İttifaqının süqutu zamanı Ermənistanın əhalisi 3,6 milyon nəfər idi. Mən də daxil olmaqla Ermənistanda yaşayan 230 min azərbaycanlı qaçqın düşdük. Müharibənin başlanması və Ermənistan hakimiyyətinin işğalçı siyasəti ölkəni dalana salıb. Ermənistan iqtisadiyyatının vəziyyəti göz qabağındadır. Regiondakı bütün mühüm iqtisadi layihələr Ermənistandan yan keçir. İşğalçılıq siyasətinin qurbanı olan erməni xalqı başqa ölkələrə mühacirət etmək məcburiyyətində qalıb. Yerevan indi Livan, Suriya və ya İraqdan olan ermənilərin Ermənistana köç etmələrini istəyir. Bununla da yeni müharibə cinayəti törədir.

Sovet İttifaqının süqutu zamanı Azərbaycan əhalisi 6,5 milyon nəfər idi, indi isə on milyon nəfərdən artıqdır. Yəni, biz əhalisinin əksəriyyəti gənc və ali təhsilli olan bir ölkəyik, ölkəmizə haradansa kimisə gətirməyə ehtiyacımız yoxdur. Təkcə Azərbaycan Ordusunun yüz minə yaxın şəxsi heyəti var. Azərbaycan Ordusunun zabit və əsgərləri kifayət qədər təcrübəyə, texnika və imkanlara malikdirlər. Keçirilmiş hərbi təlimlər Azərbaycan Ordusunun təcrübəsini, gücünü və bacarığını artırıb.

Azərbaycan-Rusiya əlaqələrinə toxunan diplomat bildirib ki, ölkələrimiz arasında yaxşı və mehriban münasibətlər var. Ötən il Azərbaycan və Rusiya prezidentləri altı dəfə görüşüblər. Rusiyada iki milyona yaxın azərbaycanlı yaşayır. Ölkələrimiz arasında müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq mövcuddur. Hətta dövlətimizin başçısının təşəbbüsü ilə Azərbaycan, Rusiya və İran prezidentlərinin görüşü keçirilib və bu görüşlər davam edir. Bu çərçivədəki əməkdaşlıq çox vacibdir və Şimal-Cənub dəhlizinin ən qısa müddətdə təkmilləşdirilməsinə kömək edir. İran, Azərbaycan və Rusiyanın elektrik şəbəkələri tezliklə sinxron rejimdə çalışacaq. Belə üçtərəfli əməkdaşlıq regionda sülh, sabitlik, təhlükəsizlik və dayanıqlı inkişafın yaradılması üçün çox vacibdir.

Rusiya Prezidentinin dəvəti, eləcə də onun Azərbaycan Prezidenti və Ermənistanın baş naziri ilə apardığı koordinasiyaya uyğun olaraq, Rusiya, Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri Moskvada görüşdülər. Bir neçə saat davam edən bu görüşün nəticəsi olaraq dörd bənddən ibarət birgə bəyanat qəbul edildi. Həmin bəyanatın birinci və ikinci bəndləri ümumi fikirlərdir.

Bilirsiniz ki, Ermənistanın baş naziri münaqişənin həlli ilə bağlı baza prinsiplərindən və həmçinin sülhün əldə olunması üçün substantiv danışıqlardan imtina etmişdi. Birgə bəyanatın üçüncü bəndində Ermənistan pozucu mövqeyindən geri çəkilmiş və baza prinsipləri əsasında münaqişənin həllini, həmçinin sülhün əldə olunması üçün substantiv danışıqlar aparılmasını qəbul edib.

Yəqin ki, Ermənistan baş nazirinin separatçı və işğalçı Dağlıq Qarabağ rejiminin nümayəndələrinin də danışıqlarda tərəf kimi iştirak etməsində israr etdiyindən xəbərdarsınız. Sözügedən bəyanatın 4-cü bəndinə əsasən, Ermənistan danışıqların formatının dəyişilməzliyini qəbul edib.

Müsahibədə Azərbaycanın Rusiya, Türkiyə və İran ilə münasibətlərinə də toxunulub. Qeyd olunub ki, Azərbaycanın haqlı və beynəlxalq qanunlara uyğun mövqeyi bu dövlətlər tərəfindən dəstəklənib.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.