SİYASƏT
AVROPA BİRLİYİNDƏ İTALİYANIN SƏDRLİYİ PROQRAMININ TƏQDİMATI QALMAQALLA BAŞA ÇATMIŞDIR
İtaliya Nazirlər Şurasının sədri Silvio Berluskoninin iyulun 2-də Avropa Parlamentinin deputatları qarşısında etdiyi irad onların emosional etirazına səbəb olmuşdur. Silvio Berluskoni İtaliyanın Avropa Birliyində qarşıdakı altı ayda sədrliyinə dair proqramını Strasburqda Avropa Parlamenti deputatlarına təqdim edərkən almaniyalı deputat, sosial-demokrat Martin Şultsun tənqidinə cavab olaraq, ona kinoda “kapo”, yəni həbs düşərgəsinin nəzarətçisi rolunda çəkilməyi məsləhət görmüşdür. İTAR-TASS-ın yaydığı xəbərə görə, Avropa Parlamentinin başçısı Pet Koks Avropa Birliyinin yeni sədrinin adi nəzakət qaydalarını pozduğunu bildirərək, Martin Şultsa söz vermişdir. Deputat salondakıların alqışları altında yeni sədrin “yaramaz səbirsizliyini” tənqid etmiş və yalnız “faşizm qurbanlarının xatirəsinə hörmət” əlaməti olaraq İtaliya hökumətinin başçısı ilə mübahisəyə qoşulmamışdır. lakin Berluskoni cavab sözündə üzr istəməkdən boyun qaçırmış və bildirmişdir ki, Şults çıxışında onun şəxsiyyətini təhqir etmişdir.