İQTİSADİYYAT


AZAL “Amadeus”un gəlirləri idarəetmə sistemini tətbiq edir

Bakı, 24 avqust, AZƏRTAC

“Azərbaycan Hava Yolları” QSC (AZAL) ən son rəqəmsal həllərin tətbiqi üzrə korporativ siyasəti çərçivəsində əməliyyat və mənfəətin optimallaşdırılması üzrə yeni sistemə - “Amadeus SRM” (Amadeus Segment Revenue Management) sisteminə keçib.

Aviaşirkətdən AZƏRTAC-a bildirilib ki, AZAL COVID-19 pandemiyası ilə əlaqədar aviasiya sərnişin daşımaları bazarında qeyri-sabit vəziyyətə baxmayaraq əsası 2019-cu ildə qoyulan “Amadeus” ilə strateji tərəfdaşlığını inkişaf etdirməyə davam edir. Belə ki, son yenilik aviaşirkət tərəfindən “Amadeus”un gəlirlərin idarə edilməsi üzrə SRM tətbiqinə uğurlu keçidi oldu. Yeni tətbiq “Azərbaycan Hava Yolları”na aviaşirkətin bütün marşrut şəbəkəsində gəlirlərin qiymətləndirilməsinə və optimallaşdırılmasına imkan verəcək.

“Amadeus SRM” gəlirləri idarəetmə sistemi səfərdən bir il əvvəl gələcək tələbatı dəqiq proqnozlaşdırmaq, habelə sərnişinlərin uçuşu ləğv etmək və ya uçuşa gəlməmək xarakterini anlamaq imkanı yaradacaq. Aviaşirkətin gəlirli fəaliyyətini dəstəkləmək məqsədilə bu tətbiq proqnozların etibarlığını, dəqiqliyini və doğruluğunu, həmçinin dəyişən iqtisadi şəraitə operativ uyğunlaşmanı təmin edəcək.

Bir sözlə, gəlirlərin idarə edilməsini mənfəət haqqında elm kimi təsvir etmək olar. Hətta normal istismar şəraitində gəlirlərin idarə edilməsi aviaşirkətlərə ən mühüm aktivlərindən birini – yer ehtiyatlarını və mənfəəti idarə etməyə imkan verən mühüm vasitədir. “Amadeus SRM” daha səmərəli və mənfəətli şəbəkə yaratmaq üçün real vaxt rejimində optimallaşdırma ilə dinamik həlli təklif edir.

AZAL şirkətinin prezidenti Cahangir Əsgərov qeyd edib: “Son rəqəmsal həllərin tətbiqi və daim təkmilləşdirilməsi Azərbaycanın milli aviadaşıyıcısının siyasətində əsas prinsiplərdir. “Amadeus” tətbiqləri aviaşirkətlər üçün bu sahədə daha müasir və çevik tətbiqlərdən biridir. Biz “Amadeus” ilə uzunmüddətli saziş bağlamışıq və mən əminəm ki, bu əməkdaşlıq iş prosesimizi optimallaşdırmağa və avtomatlaşdırmağa imkan verəcək”.

“AZAL–ı gəlirlərin idarə edilməsi üzrə “Amadeus” tətbiqlərinin istifadəçiləri ailəsində salamlamağa şadam. “Amadeus SRM” gəlirlərin azaldılmasının qarşısını alan və aviaşirkətlərə lazımi zamanda və lazımi müştəriyə doğru qiymətə sərnişin yerlərinin satışına kömək edən güclü elmi məlumatlara əsaslanır. O, qabaqcıl modelləşdirmə alətlərindən ibarətdir və gələcəkdə AZAL-a real vaxt rejimində bütün satış kanalları üzrə və aviaşirkətin tam nəzarəti altında ən rəqabət qabiliyyətli qiymətləri təklif etməyə imkan verəcəkdir”, – deyə “Amadeus”un Yaxın Şərq, Türkiyə və Afrika ölkələri üzrə vitse-prezidenti Maher Kubaa deyib.

“Azərbaycan Hava Yolları” region ölkələri arasında “Amadeus SRM”in ilk sifarişçisidir. Bu həllin tətbiqi 2020-ci ilin fevral ayında başlayan “Amadeus Airline” həllinin uğurlu inteqrasiyası yolunda növbəti addımdır.

Tezliklə AZAL tərəfindən “Amadeus Group Manager” sisteminin - aviaşirkətlər qrupunun turizm agentlikləri üçün biznesinin idarə edilməsində daha yüksək səviyyəyə nail olmağa imkan verən portalın tətbiqinə başlanılması gözlənilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.