RƏSMİ XRONİKA
“AZƏRAQRARTİKİNTİ” SƏHMDAR CƏMİYYƏTİNİN NÜMAYƏNDƏSİ OQTAY HƏSƏNOVUN ÇIXIŞI
Məcburi köçkünlər qəsəbələri inşa edən bütün inşaatçılar adından Sizə “Xoş gəlmisiniz!” deyirəm.
Cənab Baş nazir, bunlar qəsəbə yox, əsl şəhərdir. Hörmətli Prezidentimizin üç məlum Fərmanı ilə az müddətdə 400 min kvadratmetr yaşayış sahəsi olan 6 min ev keyfiyyətlə tikilərək qaçqın və köçkünlərin ixtiyarına verilmişdir.
Bundan əlavə, 18 məktəb, 18 uşaq bağçası, xəstəxanalar, rabitə evləri, 190 kilometr su xətti, 200 kilometr avtomobil yolu, 350 kilometr elektrik xətti, 40 kilometr irriqasiya xətti tikilmişdir. Bu üç Fərmanın icrası təkcə 6 mindən artıq qaçqın və məcburi köçkün ailələrini evlə təmin etmək deyil, həm də respublikada böyük inşaat kompleksini hərəkətə gətirmək deməkdir. Bu layihənin həyata keçirilməsində 35 mindən artıq inşaatçı çalışmışdır ki, bunun da 10 min nəfərindən çoxu üzvü olduğum “Azəraqrartikinti” Səhmdar Cəmiyyətinin nümayəndələridir. Bu onu göstərir ki, möhtərəm Prezidentimizin tikinti sahəsinə böyük diqqəti vardır.
İnşaatçılar, həmişə olduğu kimi, bu gün də ona dayaqdırlar. Bütün bu işlərə görə, inşaatçılar adından hörmətli Prezidentimizə öz minnətdarlığımızı bildiririk.
Cənab Baş nazir!
Müxalifət nə qədər çalışsa ki, xalqı aldatsın, bu, mümkün deyildir. Biz inşaatçılar həmişə tikməklə məşğul olmuşuq. Ancaq onlar sökməklə məşğul olublar. Xalq onları tanıyır və boş vədlərinə inanmır. Əsl işləyənlər göz qabağındadır. Bu qədər işləri görməmək, ən azı, nankorluqdur.