İQTİSADİYYAT
AZƏRBAYCANIN ENERGETİKA SEKTORUNUN REAL VƏZİYYƏTİ ÖYRƏNİLİR
Yaponiya Beynəlxalq Əməkdaşlıq Bankının (YBƏB) Bakıda işgüzar səfərdə olan nümayəndə heyətinin rəhbəri Xarumi Nonaka “Azərenerji” SC-nin prezidenti Etibar Pirverdiyevlə görüşü zamanı bildirmişdir ki, Azərbaycanın energetika sektorunun real vəziyyətinin öyrənilməsi yaxın vaxtlarda YBƏB fəaliyyətinin mühüm istiqamətlərindən olacaqdır. “Azərenerji” SC-nin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, YBƏB-in nümayəndə heyəti Azərbaycanın energetika sektorunun vəziyyətini öyrənmək üçün səhmdar cəmiyyətin rəhbərləri və ekspertləri ilə bir sıra görüşlər keçirmiş, öz vəsaitləri hesabına bu sahədə tədqiqatlar aparmaq istəklərini açıqlamışlar. Yaponiya mütəxəssisləri müvafiq fəaliyyətlə məşğul olacaq və banka geniş hesabat təqdim edəcək məsləhətçi şirkətin seçilməsi üçün açıq müsabiqə elan etmək niyyətində olduqlarını söyləmişlər. YBƏB Azərbaycanın energetika sektoru ilə əlaqədar siyasətini həmin məlumatlar əsasında qurmaq fikrindədir. Tender prosedurlarına 2003-cü ilin sonu-2004-cü ilin əvvəllərində başlanacağı gözlənilir. Qalib şirkətin əsas vəzifəsi Azərbaycanın energetika sektorunun hazırkı vəziyyətini müəyyən etmək və bu sahənin texniki inkişaf planını öyrənməkdən ibarət olacaqdır. Avqustun axırlarında bankın texniki mütəxəssislərindən ibarət nümayəndə heyətinin Bakıya səfəri gözlənilir. Onlar layihəni daha ətraflı hazırlamağa başlayacaqlar.