SİYASƏT


AZƏRBAYCANIN GÜCLÜ ORDUYA MALİK OLMASI ÜÇÜN TÜRKİYƏ HƏMİŞƏ YARDIM EDƏCƏKDİR

Yanvarın 7-də Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyev Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının kəşfiyyat rəisi, korpus generalı Hüseyn Göksunu qəbul etmişdir. 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, general-polkovnik Səfər Əbiyev qonağı səmimi salamlayaraq demişdir ki, Azərbaycan-Türkiyə əlaqələrinin hərtərəfli inkişafı iki qardaş xalqın silahlı qüvvələri arasında əməkdaşlığın da güclənməsinə müsbət təsir göstərir.

Cənubi Qafqaz regionundakı mövcud hərbi-siyasi vəziyyət barəsində qonağa ətraflı məlumat verən müdafiə naziri demişdir: “Türkiyə ötən əsrin 90-cı illərindən başlayaraq Azərbaycana ordu quruculuğunda yaxından kömək etmişdir və bu gün də bu əməkdaşlıq strateji tərəfdaşlıq səviyyəsində davam etdirilməkdədir”.

Korpus generalı Hüseyn Göksu səmimi qəbula görə təşəkkür edərək demişdir ki, Azərbaycan haqqında çox eşitmişdim, oxumuşdum, bu gün isə gəlib gördüm və heyran oldum. O, Ermənistan-Azərbaycan münaqişəsinin həlli üçün Azərbaycanın güclü orduya malik olması zərurətini vurğulayaraq demişdir: “Türkiyə bu məsələdə həmişə Azərbaycana yardım edəcəkdir”.

General-polkovnik Səfər Əbiyev qeyd etmişdir ki, Rusiya Federasiyasının Gürcüstandan çıxardığı hərbi texnika, silah və sursatı Ermənistan ərazisində yerləşdirməsi münaqişənin həllində Ermənistanın destruktiv mövqeyini gücləndirir və bu addım ATƏT-in İstanbul sammitinin tələblərinə ziddir. O, demişdir: “Ermənistana bu istiqamətdə yardım göstərənlər bilməlidirlər ki, onların bu yatırımı mütləq orada batacaqdır. Çünki Ermənistan perspektivsiz ölkədir və terrorçu dövlətdir”.

Korpus generalı Hüseyn Göksu ölkəmizin müdafiə naziri ilə razılaşaraq, Azərbaycan Silahlı Qüvvələrinin möhkəmlənməsi istiqamətində iki qardaş dövlətin hərbi əməkdaşlığının durmadan güclənməsinə tərəfdar olduğunu vurğulamışdır.

Görüşdə Türkiyə Respublikasının Azərbaycandakı hərbi attaşesi briqada generalı Ümid Kalender iştirak etmişdir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.