AZƏRBAYCANIN NÜMAYƏNDƏ HEYƏTİ VAŞİNQTONA YOLA DÜŞMÜŞDÜR
AzerTAg.az
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun başçılıq etdiyi nümayəndə heyəti “Amerika Türk Assosiasiyaları Assambleyası”nın növbəti qurultayında iştirak etmək üçün Vaşinqtona yola düşmüşdür.
Komitədən AZƏRTAC-a bildirmişlər ki, yanvarın 30-31-də keçiriləcək tədbirin ikinci günü bütövlükdə Azərbaycanın təbliğinə həsr olunacaq, “Müasir Azərbaycanın dünyada yeri: inkişaf perspektivləri” mövzusu müzakirə olunacaqdır.
Toplantıda ABŞ-ın və Türkiyənin tanınmış siyasi və dövlət xadimləri, o cümlədən, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan, bu ölkənin bir sıra nazir və millət vəkilləri, ABŞ Konqresinin, Amerika və Kanadada fəaliyyət göstərən Azərbaycan və yəhudi diaspor təşkilatlarının nümayəndələri iştirak edəcəklər. Qurultayda təşkilatın prezidenti Ərcümənd Qılıncın, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın, Komitənin sədri Nazim İbrahimovun və digər şəxslərin çıxışı nəzərdə tutulur.
Azərbaycan nümayəndə heyətinin Vaşinqtonda ABŞ-ın nüfuzlu yəhudi diaspor təşkilatlarının rəhbərləri və ABŞ Konqresinin nümayəndələri ilə görüşləri də planlaşdırılmışdır.
Fevralın 1-də isə Nyu-York şəhərində Amerikanın Azərbaycan Cəmiyyətinin və Komitənin təşəbbüsü ilə ümummilli lider Heydər Əliyevi anma mərasimi keçiriləcəkdir. Mərasimdə ABŞ-dakı Azərbaycan, türk və yəhudi diasporunun, Amerika ictimaiyyətinin nümayəndələri də iştirak edəcəklər.
Xəbərin mətnində orfoqrafik səhv var