SİYASƏT
AZƏRBAYCANIN VƏ RUSİYANIN KONSULLUQ XİDMƏTLƏRİ HÜQUQİ MƏSƏLƏLƏRİ MÜZAKİRƏ ETMİŞLƏR
Martın 26-28-də Azərbaycan və Rusiya XİN-lərinin Konsulluq İdarələri Moskvada konsulluq məsələlərinə dair məsləhətləşmələr aparmışlar. Azərbaycan nümayəndə heyətinə respublika XİN konsulluq-hüquq məsələləri şöbəsinin rəisi Əlimirzamin Əsgərov başçılıq edirdi. Danışıqlar zamanı geniş fikir mübadiləsi olmuşdur. Tərəflər Konsulluq Konvensiyasının, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında hüquqi yardım, mülki işlər, ailə və cinayət işləri üzrə hüquqi münasibətlər haqqında müqavilənin həyata keçirilməsinin gedişini, hər iki ölkə ərazisində yaşayan fiziki şəxslərin hüquqlarının qorunması məsələsini müzakirə etmişlər.
Tərəfləri maraqlandıran məsələlərin müzakirəsindən sonra RF Baş Daxili İşlər İdarəsinin rəisi V. Pronin Rusiya ərazisində yaşayan əcnəbi vətəndaşların, o cümlədən azərbaycanlıların sənədlərinin əsassız yoxlanmasını dayandırmaq barədə qərar qəbul etmişdir.
Üç gün çəkən danışıqların yekunlarına dair protokol imzalanmışdır.
Asya Hacızadə AZƏRTAC-ın xüsusi müxbiri
Moskva