RƏSMİ XRONİKA
AZƏRBAYCAN ALMANİYA İLƏ ƏLAQƏLƏRİN DAHA DA GENİŞLƏNMƏSİNƏ BÖYÜK ƏHƏMİYYƏT VERİR
AZƏRBAYCANIN BAŞ NAZİRİ İLHAM ƏLİYEV ALMANİYANIN ÖLKƏMİZDƏKİ SƏFİRİNİ QƏBUL ETMİŞDİR
Səfir KLAUS QREVLİX Baş nazirə minnətdarlıq edərək dedi:
- Zati-aliləri, məni qəbul etməyə vaxt ayırdığınız üçün Sizə təşəkkür edirəm. Mən Almaniya Federativ Respublikasının federal kansleri cənab Şröderin təbrik məktubunu təqdim etmək istəyirəm.
Eyni zamanda, icazə verin, müqəddəs Ramazan ayının başlanması münasibətilə həm Sizə, həm də Azərbaycandakı bütün müsəlmanlara Allahdan xeyir-bərəkət arzulayım. Qoy bu ibadət ayı insanlara mənəvi rahatlıq və əmin-amanlıq gətirsin.
Sizin ölkədə yaşamaq mənim üçün böyük şərəfdir. Bu ölkədə dini icmalar arasında xüsusi dözümlülük və dostluq münasibətləri vardır.
Almaniya Federativ Respublikasının federal kansleri öz məktubunda Sizi Prezident seçilməyiniz münasibətilə ürəkdən təbrik edir və vurğulayır ki, Azərbaycan demokratiya və bazar iqtisadiyyatı yolunda böyük vəzifələr qarşısındadır. Zati-aliləri, o, Sizə bu işlərin öhdəsindən gəlməkdə uğurlar arzulayır. Bundan əlavə, cənab federal kansler öz məktubunda bildirir ki, o, Azərbaycan və Almaniya arasında dostluq münasibətlərinin və səmimi əlaqələrin gələcəkdə də inkişaf edəcəyinə ümidvardır.
İcazənizlə, şəxsən öz adımdan da Sizə uğurlar arzulayım. Demokratiya və bazar iqtisadiyyatı hüquqi dövlət quruculuğu ilə bağlıdır. Hüquqi dövlət olmadan heç bir demokratiya ola bilməz. Hüquqi dövlətin şərtlərinə riayət etmədən müəssisələrin buraya sərmayə qoyması üçün şərait də yaranmır və iqtisadi inkişafdan da söhbət gedə bilməz.
Mənim Sizə kiçik bir hədiyyəm də vardır. Almaniyada Kölbel adlı bir rəssam vardır. O, bütün dövlət xadimlərinin portretini çəkmişdir. Cənab Kölbel Sizin atanızın – Prezident Heydər Əliyevin də portretini çəkmişdir. O, bunu Sizə hədiyyə etmək istəyir. Ancaq əvvəlcə o, bu portreti öz sərgisində nümayiş etdirmək istəyir və bunun üçün Sizin avtoqrafınızı xahiş edir. Cənab Kölbel bu məktubu da Sizə çatdırmağı xahiş etmişdir.
Zati-aliləri, ümid edirəm ki, Siz sülh və sabitlik Prezidenti, ölkənizdə iqtisadi və sosial inkişafın Prezidenti olacaqsınız və Sizin Prezidentliyiniz ölkədə həmrəylik və milli barışıqla müşayiət ediləcəkdir. Mən Sizin Prezidentliyiniz dövründə həm daxildə, həm də xaricdə sülh olmasını arzulayıram.
Bir daha Zati-alilərinizə təşəkkür edirəm.
Səmimi sözlər üçün Almaniya səfirinə təşəkkürünü bildirən Baş nazir İLHAM ƏLİYEV dedi:
-Hörmətli cənab səfir, xahiş edirəm, ilk növbədə, hörmətli kansler Gerhard Şröderə mənə göndərdiyi məktuba görə minnətdarlığımı çatdırasınız.
Almaniya ilə Azərbaycan arasında əlaqələr çox sürətlə inkişaf edir. Biz bütün sahələrdə uğurlu əməkdaşlıq edirik. Əlbəttə, çox istərdik ki, bu əməkdaşlıq gələcəkdə daha da genişlənsin.
Azərbaycan iqtisadiyyatı bazar iqtisadiyyatı prinsipləri əsasında qurulur. Almaniya isə iqtisadi inkişaf baxımından dünyada qabaqcıl yer tutur. Ona görə sizin təcrübəniz bizim üçün çox əhəmiyyətlidir. Biz bu təcrübəni öyrənirik. Mən əminəm ki, yaxın gələcəkdə Azərbaycan da iqtisadi cəhətdən inkişaf etmiş ölkəyə çevriləcəkdir. Azərbaycanda özəl sektor inkişaf edir. Ümumi daxili məhsulun formalaşmasında özəl sektorun payı 70 faizdən yuxarıdır. Siz çox düzgün qeyd etdiniz ki, bazar iqtisadiyyatının inkişafı demokratiyanın inkişafı ilə bərabər həyata keçirilməlidir. Azərbaycan demokratik prinsiplərə sadiqdir və ölkəmizdə demokratiyanın inkişafı sahəsində bundan sonra da ardıcıl tədbirlər görüləcəkdir.
Azərbaycan regionda artıq mühüm mövqelərə sahib olmuşdur və iqtisadi cəhətdən daha da inkişaf edəcəkdir. Bütün bu planları həyata keçirmək üçün, ilk növbədə, ölkədə sabitlik və milli həmrəylik lazımdır. Mən əminəm ki, Azərbaycanda sabitlik davam edəcəkdir.
Biz hüquqi dövlət qurulması istiqamətində səylərimizi bundan sonra da davam etdirəcəyik və bu sahədə aparılacaq işlər yaxın gələcəkdə Azərbaycanı hərtərəfli inkişaf etmiş dövlətə çevirəcəkdir.
Mən hədiyyəyə görə də Sizə təşəkkürümü bildirirəm. Bu, mənim üçün gözlənilməz idi. Xahiş edirəm rəssama da mənim salamlarımı çatdırasınız.