RƏSMİ XRONİKA
AZƏRBAYCAN AVROPA ÖLKƏLƏRİ AİLƏSİNDƏ ÖZ MÖVQEYİNİ MÖHKƏMLƏNDİRİR
RESPUBLİKA PREZİDENTİ HEYDƏR ƏLİYEVİN
ALMANİYA FEDERATİV RESPUBLİKASINA RƏSMİ SƏFƏRİ
AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV KÖLNDƏ ALMANİYANIN İŞ ADAMLARI İLƏ GÖRÜŞMÜŞDÜR
Ali qonağı Almaniya iqtisadiyyatı Şərq komitəsinin sədri və Almaniya Sənaye-Ticarət Palataları Birliyinin fəxri prezidenti Otto Volf Fon Amerongen qarşıladı.
O, Prezident Heydər Əliyevə müraciətlə dedi ki, Almaniya sənayesi evində onu, habelə Azərbaycan nümayəndə heyətini salamlamaq Almaniya iqtisadiyyatı üçün böyük şərəfdir, Otto Volf Fon Amerongen ölkələrimiz arasında əməkdaşlığın vəziyyəti və perspektivləri məsələlərini müzakirə etməyə hazır olduqlarına görə qonaqlara təşəkkür etdi. O qeyd etdi ki, keçmişdə olduğu kimi, indi də Almaniya və Azərbaycanı bir çox siyasi və iqtisadi əlaqələr birləşdirir. Almaniya Azərbaycanda öz səfirliyini açan ilk Qərbi Avropa ölkəsidir.
Fon Amerongen daha sonra dedi ki, neft Azərbaycanın elə bir sərvətidir ki, onu Sovet İttifaqı dağıldıqdan sonra bütün dünyada məşhur etmişdir. Neft hasilatı sahəsində Azərbaycanın zəngin ənənələri var. Hələ 1875-ci ildə burada neft kəşfiyyatına dair yaradılmış mərkəz dünyada məşhur idi. Azərbaycanda Nobel qardaşları işləyirdilər, onlar burada neftin sənaye üsulu ilə çıxarılmasının başlanğıcını qoymuşlar. O zaman bu işdə Alman firmaları da iştirak edirdilər. İndi dünyanın iri neft şirkətləri Azərbaycanın neft ənənələrini davam etdirirlər. 1994-cü ilin axırlarında imzalanmış “Əsrin müqaviləsi” təxminən 8 milyard Almaniya markası həcmində investisiyanı təmin edir. Doğrudur, ötən əsrdən fərqli olaraq, indi alman firmaları Azərbaycanın neft yataqlarının işlənməsində iştirak etmirlər. Lakin bu, onların həmin işə marağının olmaması ilə deyil, onunla bağlıdır ki, Almaniya iqtisadiyyatının başlıca maraqları infrastruktur, telekommunikasiya, su təchizatı, elektrik stansiyalarının tikintisi, kimya sənayesi, neft emalı və neft kəmərlərinin çəkilməsi sahəsində layihələrdə cəmləşmişdir. Almaniyanın ekoloji texnologiyalar istehsal edən və bütün dünyada aparıcı yer tutan müəssisələri də Azərbaycanla əməkdaşlığa maraq göstərirlər.
Hazırda Almaniya Azərbaycanın Qərbdə başlıca ticarət tərəfdaşıdır, lakin ötən il ölkələrimiz arasında ticarət dövriyyəsi cəmi təxminən 100 milyon marka olmuşdur. Bununla belə əminəm ki, qarşıdakı illərdə Almaniya ilə Azərbaycan arasında ticarət dövriyyəsi artacaqdır. Almaniyanın 47 müəssisəsi Azərbaycanda öz nümayəndəliyini açmışdır. Lakin qeyd olunduğu kimi, xarici müəssisələrin Azərbaycanda uzun müddət fəaliyyət göstərməsi üçün burada etibarlı siyasi və iqtisadi şərait yaratmaq lazımdır. İnvestisiyaların qarşılıqlı surətdə qorunması haqqında ölkələrimiz arasında bağlanmış müqavilə, habelə bu ilin aprelində Azərbaycanın Avropa Birliyi ilə imzaladığı tərəfdaşlıq və əməkdaşlıq haqqında saziş Azərbaycanda islahatların davam etdirilməsi, ticarətin intensivləşdirilməsi üçün yaxşı zəmin yaradır.
Natiq dedi ki, alman sahibkarları Azərbaycanla əməkdaşlığa tərəfdardırlar və ümid edirlər ki, ölkədə bazar islahatları davam etdiriləcək, özəlləşdirmə isə xarici müəssisələrin fəaliyyəti üçün imkanları genişləndirəcəkdir. Onlar buna da ümid bəsləyirlər ki, Azərbaycanda sabitliyə yönəldilmiş maliyyə və valyuta siyasəti etibarlı bank sistemi yaradacaqdır. Başqa ölkələrdə belə sistemin olmaması islahatlar prosesinə təhlükə doğurmaqda davam edir. Bununla əlaqədar natiq Azərbaycan Prezidentinin bu ilin iyulun 17-də verdiyi və müəssisələrin azad sahibkarlığının qorunmasına yönəldilmiş fərmanı müsbət qiymətləndirdi.
Otto Volf Fon Amerongen çıxışının sonunda bildirdi ki, o, uzun müddət neft hasilatı və satışı məsələləri ilə məşğul olmuş, 17 il Nyu-Yorkda “Eksim Korporeyşn”in idarə heyətinin üzvü olmuşdur. Ona görə də bilir ki, beynəlxalq neft şirkətləri hər bir ölkədəki siyasi və iqtisadi şəraitə xüsusi diqqət yetirir. Ona görə də xammal materiallarından istifadə, Avropaya ikinci neft kəmərinin çəkilməsi, habelə ixrac kvotalarının təmin olunması sahəsində hərtərəfli qanunvericiliyə malik olmaq lazımdır.
Sonra görüşdə Azərbaycan Prezidenti Heydər Əliyev çıxış etdi.
Azərbaycan Prezidenti Heydər Əliyev görüşü başa çatdıraraq, bütün iştirakçılara, habelə görüşün təşkilinə görə cənab Volf Fon Amerongenə təşəkkür etdi.