RƏSMİ XRONİKA


AZƏRBAYCAN ELMİNİN İNKİŞAFINA DÖVLƏT QAYĞISI DAHA DA ARTIRILACAQDIR
MİLLİ ELMLƏR AKADEMİYASININ 60 İLLİYİNƏ HƏSR OLUNMUŞ TƏNTƏNƏLİ YIĞINCAQDA AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

AZƏRBAYCAN ELMİNİN İNKİŞAFINA DÖVLƏT QAYĞISI DAHA DA ARTIRILACAQDIR MİLLİ ELMLƏR AKADEMİYASININ 60 İLLİYİNƏ HƏSR OLUNMUŞ TƏNTƏNƏLİ YIĞINCAQDA AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

- Əziz dostlar!

Hörmətli xanımlar və cənablar!

Bu gün Azərbaycanda böyük bayramdır. Azərbaycan Milli Elmlər Akademiyasının 60 illik yubileyi qeyd olunur. Mən bu münasibətlə sizin hamınızı ürəkdən təbrik edirəm.

Bu illər ərzində akademiya böyük və şərəfli yol keçmişdir. Bu barədə hörmətli akademiklərin çıxışlarında və baxdığımız videofilmdə kifayət qədər məlumat verilmişdir. Azərbaycanda 60 il ərzində çox güclü elm məktəbi yaradılmışdır, güclü elm potensialı formalaşdırılmışdır və çox görkəmli, peşəkar elm xadimləri Azərbaycanın inkişafında öz mühüm rolunu oynamışlar. Bu gün bu gözəl ənənələr davam edir, Azərbaycan elmi yeni mərhələyə qədəm qoyur. Azərbaycanda elmə olan diqqət və qayğı artmaqdadır.

Bu gün çıxışlarda və baxdığımız videofilmdə xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycan elminin inkişafında rolu haqqında deyilmişdir. Bu, həqiqətən də belədir. Bütün dövrlərdə - 1970-ci illərdə, ondan sonra, 1990-cı illərdə Heydər Əliyevin elmə diqqət və qayğısı çox yüksək səviyyədə idi. O, çox gözəl bilirdi ki, hər bir ölkənin, hər bir xalqın tərəqqisində elmin inkişafı müstəsna rol oynayır. Müxtəlif ölkələrin tarixinə, keçmişinə, təcrübəsinə nəzər salaraq görürük ki, ölkənin inkişafını, potensialını elmin inkişafı müəyyən edir. İnkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salsaq, onu da görəcəyik. Nə təbii ehtiyatlar, nə coğrafi vəziyyət yox, məhz intellektual potensial, məhz elmin səviyyəsi o ölkələrin tərəqqisini müəyyən edir, təmin edir və ölkəni inkişaf etmiş ölkəyə çevirir.

Əlbəttə, ulu öndər Heydər Əliyev bütün bunları yaxşı bilirdi və 1970-ci illərdə respublikaya rəhbərlik edən zaman Azərbaycanda güclü elm infrastrukturunun yaranmasında, peşəkar kadrların hazırlanmasında çox fəal iştirak edirdi. Ondan sonra, 1990-cı illərin əvvəllərində Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkəmizdə vəziyyət bütövlükdə çox acınacaqlı idi. Ölkədə xaos, böhran hökm sürürdü. Faktiki olaraq, bütün sahələrdə tənəzzül müşahidə olunurdu. Ancaq 1993-cü ildə Heydər Əliyev hakimiyyətə qayıdandan sonra bütün sahələrə təkan verildi, o cümlədən Azərbaycan elminə. 14 AZR– 34NİTQ: 2

Təsadüfi deyil ki, ulu öndərin ilk görüşlərindən biri də məhz Elmlər Akademiyasının binasında Azərbaycan ziyalıları ilə keçirilmişdir. O görüş çox rəmzi xarakter daşıyırdı. Çünki Azərbaycan alimləri, ziyalıları ölkəmizin, cəmiyyətimizin elitasıdır. Onların dünyagörüşü, mövqeyi, hərəkətləri, fəaliyyəti Azərbaycanın inkişaf dinamikasını, inkişaf perspektivlərini xeyli dərəcədə müəyyən edir.

Hər bir ölkənin təbii ki, öz siyasəti var, öz siyasi prioritetləri var. Hər bir ölkənin inkişafında şübhəsiz ki, ölkəni idarə edən, ona rəhbərlik edən şəxsin iradəsi və proqramı əsas yer tutur. Eyni zamanda, ictimai fikir çox böyük əhəmiyyətə malikdir. Xüsusilə indiki zəmanədə ki, Azərbaycan demokratik inkişaf yolunda çox böyük addım atmışdır. Azərbaycanda bütün demokratik ölkələrə xas olan təsisatlar qurulubdur. Belə olan halda, ictimai rəyin ölkənin siyasətinin və gələcəyinin müəyyənləşməsində çox böyük rolu var. İctimai rəyi də cəmiyyətin elitası - akademiklər, Elmlər Akademiyasının üzvləri, görkəmli xadimlər formalaşdırır. Bu baxımdan o görüş, həqiqətən, Azərbaycanın 1990-cı illərin əvvəlində düşdüyü böhrandan çıxış yollarını müəyyən edirdi. O görüş cəmiyyətimizi birləşdirdi. O, sadəcə bir görüş deyildi. Yəni mən bunu xüsusilə vurğulamaq istəyirəm ki, o görüşdən sonra Azərbaycanın hərtərəfli inkişafı sürətlə aparılmağa başladı, Azərbaycan cəmiyyəti daha da sıx birləşdi və cəmiyyətin aparıcı təbəqəsi, cəmiyyətimizin elitası bütün işlərdə çox fəal iştirak etməyə başladı.

Çox sevindirici hal ondan ibarətdir ki, bu ab-hava, bu ənənələr, meyillər bu gün də davam edir. İndi Azərbaycan yeni bir inkişaf mərhələsindədir. Azərbaycanın qarşısında yeni çağırışlar, yeni vəzifələr durur. 1990-cı illərin uğurları, yaradılmış möhkəm təməl və bizim iqtisadi uğurlarımız, siyasi sahədəki fəaliyyətimiz, bölgədəki mövqeyimizin möhkəmlənməsi Azərbaycanı bu gün tamamilə yeni bir müstəviyə gətirib çıxardı. Bu gün Azərbaycanın uğurlu inkişafı təkcə bizim üçün, xalqımız üçün deyil, bütün bölgə üçün böyük əhəmiyyət kəsb edir. Bu inkişafın istiqamətlərini biz müəyyən etməliyik, hamımız birlikdə müəyyən etməliyik. Azərbaycan Respublikasının Prezidenti kimi mən, xalqdan aldığım dəstək nəticəsində bu siyasəti aparıram, eyni zamanda biz hamımız – Azərbaycanın cəmiyyəti, cəmiyyətin aparıcı hissəsi bu işdə fəal iştirak etməlidir və edir. Bu da məni çox sevindirir. Çünki bizim məqsədimiz, amalımız birdir: ölkəmizi daha da möhkəmləndirmək, Azərbaycan cəmiyyətinin demokratik inkişafına nail olmaq, onu möhkəmləndirmək, Azərbaycanda sosial-iqtisadi problemləri tezliklə həll etmək, ölkəmizin bölgədəki mövqelərini daha da möhkəmləndirmək. Bütün bu istiqamətlərdə nəticələr, uğurlar var, gözəl ənənələr davam edir.

Şəxsən mən Azərbaycanın qarşısında yaxın gələcəkdə və uzaq gələcəkdə ciddi problem görmürəm. Çünki ölkəmizin inkişafı davamlıdır, dayanıqlıdır. Bu gün aparılan siyasət xalqın iradəsini əks etdirir. Belə olan halda, bütün proqramlarımız uğurla icra olunacaqdır.

Azərbaycan elminin gələcək inkişafı da daim diqqət mərkəzindədir. Artıq burada səsləndi ki, müəyyən konkret addımlar atılmışdır. Bu, bir daha onu göstərir ki, bizim siyasətimiz, proqramlarımız reallığı əks etdirir, reallığa əsaslanır və bunun praktiki nəticələri də var. Qərar qəbul olunur, dərhal icra edilir və ondan sonra nəticə də əldə olunur. Bundan sonra da Azərbaycan elminin inkişafına diqqət, qayğı göstəriləcəkdir. Elmin maddi-texniki bazasının möhkəmlənməsi işində addımlar atılacaq və şübhə etmirəm ki, qarşıda duran bütün vəzifələr həyatda öz əksini tapacaqdır.

Fundamental elmin inkişafı böyük əhəmiyyət kəsb edir. Azərbaycanın bu sahədəki uğurları çox böyükdür. Mən ümid edirəm ki, bu istiqamətdə inkişaf gələcəkdə də davam edəcəkdir.

Eyni zamanda, humanitar elmlərin inkişafına böyük diqqət göstərilməlidir. Bu sahədə də böyük uğurlar var. Ancaq hesab edirəm ki, biz bu sahədə daha da fəal olmalıyıq və daha da ciddi işlər görməliyik. Çünki sirr deyil ki, bizim bədnam qonşularımız yaxın və uzaq tarixi təhrif edərək, Azərbaycana müxtəlif istiqamətlərdən total hücuma keçiblər. Əgər 1990-cı illərin əvvəllərində onların təbliğatı yalnız yalan və böhtan üzərində qurulmuşdusa, bu gün bu taktika bir qədər dəyişibdir. Çünki 1990-cı illərdə Azərbaycan faktiki olaraq, dünya ictimaiyyətindən təcrid edilmiş vəziyyətdə idi. Ermənistan və dünya erməniləri, erməni lobbisi Azərbaycan haqqında uydurmalar, iftiralar yayırdı. Bizim isə imkanımız yox idi ki, bunu təkzib edək. Ona görə o zaman bu təbliğat çox kobud şəkildə aparılırdı və böhtan xarakteri alırdı.

Bu gün Azərbaycan dünya birliyinin dəyərli üzvünə çevrilibdir. Azərbaycan müxtəlif beynəlxalq təşkilatlarda fəal işləyir. Bu gün biz öz təbliğat işimizi daha da səmərəli qururuq. Çünki bizim təbliğatımız reallığa, faktlara əsaslanır, yalana yox. Yəni bu gün Azərbaycanı sadəcə olaraq ləkələmək mümkün deyildir. Ona görə ermənilər yeni bir taktikaya əl atıblar. O da ondan ibarətdir ki, yaxın və keçmiş tarix təhrif olunsun, Dağlıq Qarabağ münaqişəsinin səbəbi təhrif olunsun, Azərbaycan təcavüzkar bir ölkə kimi təqdim edilsin. Eyni zamanda, bizim uzaq tariximiz təhrif olunur.

Misal üçün, Azərbaycanda heç kimə sirr deyil ki, ermənilər Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağa qonaq kimi gəlmişlər. Keçən əsrin 70-ci illərində orada onların gəlişini əks etdirən bir abidə qoyulmuş, ermənilərin Qarabağa gəlişinin 150 illik yubileyi qeyd olunmuşdu. Ancaq bizdən başqa bunu az adam bilir.

Mən müxtəlif beynəlxalq təşkilatlarda, keçmişdə də, indi də dövlət başçıları ilə görüşlərdə dəfələrlə bu faktı xüsusilə vurğulayıram. Çünki bu, bir daha göstərir ki, ermənilərin heç bir haqqı yoxdur iddia etsinlər ki, Dağlıq Qarabağ keçmişdə onlara məxsus olubdur. Ancaq mən görürəm ki, dünyada bunu bilən çox azdır. Biz bunu bilirik, amma bu, kifayət deyildir. Gərək biz bu həqiqətləri dünya birliyinə çatdıraq. Biz gərək yazılmış kitabları müxtəlif dillərə tərcümə etdirək.

Bu gün burada səsləndi, yeni imkanlar mövcuddur. İnformasiya-kommunikasiya texnologiyaları vasitəsilə indi biz istənilən auditoriyaya öz fikirlərimizi, həqiqətlərimizi çatdıra bilərik. Bu işləri internet vasitəsilə daha da fəal şəkildə görmək lazımdır. Ona görə burada həm akademiyanın üzərinə böyük vəzifə düşür, eyni zamanda, bütün müvafiq orqanların üzərinə böyük vəzifə düşür. Biz gərək bu fəaliyyəti birgə aparaq. Mən demirəm ki, biz də qonşularımız kimi tarixi təhrif edək. Yox, biz sadəcə olaraq, həqiqətləri, uzaq tarixin və yaxın tarixin həqiqətlərini dünyaya çatdırmalıyıq. Mən ümid edirəm ki, bu sahədə ciddi işlər görüləcəkdir. Çünki qeyd etdiyim kimi, baxmayaraq ki, müəyyən işlər görülüb, əlbəttə, bu, bizi qane edə bilməz. Bunu etmək üçün bütün lazımi şərait yaradılacaq, əlavə vəsait ayrılacaqdır. Biz bu işləri proqram şəklində aparmalıyıq.

Bütövlükdə, Azərbaycanın inkişafının müxtəlif sahələrini, istiqamətlərini biz gərək beynəlxalq ictimaiyyətin diqqətinə daha dolğun çatdıraq. Çünki əfsuslar olsun ki, Azərbaycan haqqında kifayət qədər məlumat yoxdur. Bizi istəməyən qüvvələr, erməni lobbisi və onun havadarları bəzi hallarda qəsdən Azərbaycanı ləkələmək istəyirlər, Azərbaycanı qeyri-demokratik ölkə kimi təqdim etmək istəyirlər. Bunun da səbəbləri aydındır. Çünki bütün istiqamətlərdə Azərbaycanın uğurlu siyasəti bu gün böyük üstünlük təşkil edir. Xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində. Çünki tarixi həqiqət bizim tərəfimizdədir. Qeyd etdiyim kimi, biz bunu daha da fəal şəkildə dünya ictimaiyyətinə çatdırmalıyıq. Bölgədə gedən siyasi proseslər də Azərbaycanın mövqelərini möhkəmləndirir. Regional əməkdaşlıq çərçivəsində Ermənistanla Azərbaycan arasında olan bu fərq hər kəsə aydındır. İqtisadi potensial baxımından indi Azərbaycan Ermənistandan bir neçə dəfə üstündür. Gələcəkdə aramızda olan bu uçurum daha da dərinləşəcəkdir.

Münaqişənin hüquqi həlli yolları yenə də Azərbaycanın xeyrinədir. Çünki biz münaqişənin yalnız və yalnız beynəlxalq hüquq normaları əsasında həll olunmasını tələb edirik və bu məsələdə heç bir güzəştə getməyəcəyik. Ermənistanın mövqeyi sadəcə, onların arzularına əsaslanır və yalan tarixə əsaslanır.

Bir də deyirəm, bütün istiqamətlərdə Azərbaycanı ləkələmək, Azərbaycanı hörmətdən salmaq, Azərbaycanda gedən prosesləri yanlış şəkildə dünya birliyinə çatdırmaq cəhdləri var. Biz bunu hiss edirik. Xüsusilə parlament seçkiləri ərəfəsində bu, özünü daha da qabarıq göstərmişdir. Xarici mətbuatda Azərbaycan haqqında həqiqəti əks etdirməyən, tamamilə yalan, böhtan xarakterli məlumatlar kifayət qədər idi. Biz araşdırdıq və gördük ki, onların böyük hissəsi erməni lobbisinin sifarişi ilə işıq üzü görübdür. Biz buna hazır olmalıyıq. Bir daha deyirəm, bu sahədə daha böyük işlər görülməlidir, biz daha fəal olmalıyıq. Mən ümid edirəm ki, bizim fəallığımız gözəl nəticələrini verəcəkdir.

Elmlər Akademiyasının maddi-texniki bazasının möhkəmlənməsi işində əlavə addımlar atılacaqdır. İndiyədək olanlar ilk addımlardır. Biz gərək bu maddi-texniki bazanı daha da möhkəmləndirək. Akademiyanın nəzdində fəaliyyət göstərən institutlara daha böyük həcmdə kömək göstərək. Əlbəttə, akademiya sistemində çalışan insanların maaşları, əmək haqları qaldırılmalıdır və biz bunu edəcəyik. Amma o da aydındır ki, bütün bu məsələlər ölkənin iqtisadi potensialına bağlıdır. Məhz buna görə bizim son illər ərzində çox böyük diqqətimiz məhz bu sahəyə yönəldilmişdir. Azərbaycanda güclü iqtisadi potensialın yaranması, Heydər Əliyevin neft strategiyasının uğurla icra olunması, Azərbaycanda iqtisadi sahədə liberallaşma siyasətinin aparılması öz gözəl nəticələrini verməkdədir. Bizim büdcəmiz artır, xərclərimiz artır. Demək olar ki, bütün sahələrdə irəliləyiş var. Ümumi daxili məhsul, o cümlədən sənaye istehsalı dünyada bənzəri olmayan sürətlə artır. Bu, sadəcə, makroiqtisadi göstərici deyildir. Bu makroiqtisadi göstəricilər Azərbaycanda yaşayan hər bir ailənin həyatında öz əksini tapmalıdır. Hər bir vətəndaş imkan əldə etməlidir ki, işlə təmin olunsun, yaxşı maaş alsın, onun övladları yaxşı şəraitdə oxusunlar. Ona görə bu gün həm iqtisadi inkişaf proqramı, regionların inkişafı proqramı uğurla icra edilir, həm də sosial məsələlərə çox böyük diqqət göstəriləcəkdir. Azərbaycanda məktəblər, xəstəxanalar, digər sosial infrastruktur yaradılmalı və möhkəmlənməlidir. İqtisadi potensialımız daha da güclü olan halda, əlbəttə, elmə daha da böyük sərmayələr qoyulacaqdır.

Azərbaycan neft ölkəsidir. Bu gün burada qeyd olundu ki, Azərbaycan alimləri bizim neft yataqlarının kəşf olunmasında çox böyük işlər görmüşlər. Əgər alimlərimiz o yataqları kəşf etməsəydilər, bu gün Azərbaycanın neft potensialı o qədər zəngin olmazdı. Bu gün bizim transmilli layihələrimiz icra oluna bilməzdi. Yaxud bunun icrası bəlkə də on il, iyirmi il, otuz il yubana bilərdi. Bizim isə vaxtımız yoxdur. İndi dəyişən dünyada gedən bu proseslərə gərək biz hazır olaq. Ona görə hər bir yubanma, hər bir ləngimə bizim əleyhimizə işləyir.

Biz çevik siyasət aparırıq. İqtisadi islahatları cəsarətlə aparırıq. O cümlədən siyasi islahatları da aparırıq. Azərbaycanda siyasi və iqtisadi islahatların aparılması paralel şəkildə getməlidir. Biz buna nail olmuşuq və bu, uğurumuzu təmin edəcəkdir.

Burada qeyd olundu, Milli Ensiklopediyanın birinci cildi artıq hazırdır və iki gün bundan əvvəl mənə təqdim olunubdur. Mən birinci varianta baxmışdım, bəzi iradlar olmuşdu, indi ikinci variantına baxacağam. Bu, çox böyük işdir, tarixi bir hadisədir. 1970-ci illərdə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Sovet Ensiklopediyası yaranmışdır. Düzdür, əlbəttə, o zaman müəyyən ideoloji çərçivələr var idi və orada siyasi məsələlərə, tarixə aid olan məsələlərə bəzi hallarda ideoloji nöqteyi-nəzərdən yanaşılırdı. Ancaq eyni zamanda, o ensiklopediyada Azərbaycanın qədim tarixi, etnoqrafiyası, arxeologiyası, təbiəti və başqa sahələri öz əksini tapmışdır. İndiki ensiklopediya isə müstəqil Azərbaycan Respublikasının ensiklopediyası olacaqdır.

Burada bu gün çox düzgün qeyd olundu ki, ensiklopediyalar adətən bir mərhələ başa çatandan sonra, yaxud yeni mərhələyə qədəm qoyulanda yaradılır. Azərbaycan indi yeni mərhələdədir. Azərbaycan müstəqil dövlət kimi formalaşmışdır. Müstəqillik sadəcə olaraq, rəmzi atributlar deyildir. Bu gün Azərbaycan sözün əsil mənasında həm daxildə, həm xaricdə, həm bölgədə, həm də dünyada müstəqil siyasət aparır.

Əlbəttə, müstəqil Azərbaycanın öz milli ensiklopediyası olmalıdır. Bu, 25 cilddən ibarət böyük bir əsər olacaqdır. Azərbaycan haqqında bütün məlumatlar orada öz əksini tapacaqdır. Çox müfəssəl, eyni zamanda, həqiqətə uyğun bir əsər olacaqdır. Mən bir vəzifə kimi qarşıya qoymuşam ki, orada heç bir tərifə yol verilməməlidir. Hansısa siyasi konyunktura naminə orada heç bir düzəliş edilməməlidir. Çünki, bu ensiklopediya 10 il, 20 il, 100 il qalacaqdır. Əlbəttə, burada bütün hadisələr – uzaq və yaxın keçmişin hadisələri olduğu kimi öz əksini tapmalıdır. Ona görə ki, ensiklopediya üzərində böyük kollektiv işləyir və mən əminəm ki, ensiklopediya çox yüksək səviyyədə hazırlanacaq, Azərbaycan xalqına təqdim olunacaqdır.

Eyni zamanda, latın qrafikası ilə çap olunmuş kitablar artıq paylanılıbdır. Biz bu məsələyə də çox operativ qaydada yanaşdıq, bunu qısa müddət ərzində təşkil etdik. Bəlkə də, 10 il ərzində görülə biləcək işlər bir-iki il ərzində görüldü və bu iş bundan sonra da davam edəcəkdir.

Akademiyanın tərkibində fəaliyyət göstərən muzeylərin təmirinə başlanmışdır. Azərbaycan Tarix Muzeyi indi əsaslı təmirə saxlanılıb və bu, çox yüksək səviyyədə görüləcəkdir. Dünyanın, Avropanın bu sahədə olan ən qabaqcıl mütəxəssisləri dəvət edilib və hacı Zeynalabdin Tağıyevin evi onun tikdirdiyi kimi, bəlkə ondan da gözəl bərpa olunacaqdır. Eyni zamanda, muzeyin eksponatlarını nümayiş etdirmək üçün bütün şərait, bütün lazımi avadanlıq quraşdırılacaqdır.

O cümlədən Azərbaycan Ədəbiyyatı Muzeyində də təmir işləri gedir. Biz gələcəkdə bunu daha da böyük həcmdə edəcəyik. Azərbaycanın bütün mədəniyyət ocaqları - muzeylər, teatrlar, digər infrastruktur bərpa olunmalıdır. Çünki bunlar xalqa xidmət edən müəssisələrdir, binalardır. Onların bir çoxu tarixi əhəmiyyət kəsb edir. İndi bizim imkanımız var, onları ən yüksək səviyyədə bərpa etməli və xalqın sərəncamına verməliyik.

Əziz dostlar!

Mən çox şadam ki, bu bayramda sizinlə birlikdəyəm. Çalışacağam ki, akademiyanın inkişafında bundan sonra da öz əməyimi əsirgəməyim. Mən bir daha demək istəyirəm, bu, qəti fikrimdir ki, hər bir ölkənin normal inkişafı üçün ilk növbədə, bilik, savad, elmin inkişafı lazımdır. Azərbaycanda çox güclü elmi potensial vardır. Azərbaycan Milli Elmlər Akademiyasının üzvləri çox dəyərli şəxslərdir. Həm elm sahəsində, həm də ictimai həyatda xalqın hörmətini qazanmış insanlardır və biz bu insanlarla fəxr edə bilərik. Mən də fəxr edirəm ki, Azərbaycan Milli Elmlər Akademiyası bu gün çox yüksək səviyyədədir. Çalışmalıyıq ki, gələcəkdə öz işimizlə, əməyimizlə akademiyaya kömək göstərək, onun bütün məsələlərini həll edək və Azərbaycanda elmin gələcək inkişafına nail olaq.

Sizi bu gözəl bayram münasibətilə bir daha təbrik edirəm. Sizə uğurlar, cansağlığı arzulayıram. Sağ olun!

(Dövlətimizin başçısının nitqi böyük diqqətlə dinlənildi və hərarətli alqışlarla qarşılandı).

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin