Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN HƏMKARLAR İTTİFAQLARI KONFEDERASİYASI II QURULTAYI NÜMAYƏNDƏLƏRİNİN AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİRZA OĞLU ƏLİYEVƏ MÜRACİƏTİ

Möhtərəm cənab Prezident!

Müstəqilliyimizin son on ilində respublikamızın Prezidenti kimi yorulmaz fəaliyyətiniz, ölkəmizin siyasi və iqtisadi tərəqqisinə yönəlmiş islahatlar proqramının həyata keçirilməsi sahəsindəki səyləriniz, işçilərin maddi və mənəvi ehtiyaclarının ödənilməsinə göstərilən mühüm diqqət və qayğınız respublikamızın bütün əhalisi kimi, həmkarlar ittifaqlarının üzvləri arasında da rəğbətlə qarşılanır və bizdə gələcəyə daha ümidlə baxmağa dərin inam hissi aşılayır.

Respublikamızın rəhbəri kimi Sizin yürütdüyünüz doğru və düzgün xarici siyasət dövlətimizin beynəlxalq proseslərə daha fəal surətdə qoşulmasına və dünya dövlətləri sırasında layiqli yer tutmasına şərait yaratmışdır. Respublikamızda və ümumilikdə Qafqaz regionunda sülh və sabitliyin bərpa olunması üçün həyata keçirdiyiniz tədbirlər xalqımızın mənafeyinə tam cavab verir.

Azərbaycan xalqını narahat edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin sülh yolu ilə həlli, ərazi bütövlüyümüzün bərpası, qaçqınların və məcburi köçkünlərin öz ata-baba yurdlarına qaytarılması istiqamətində atdığınız ardıcıl addımlar həm ölkə əhalisi, həm də beynəlxalq ictimaiyyət tərəfindən birmənalı şəkildə dəstəklənir. Biz əminik ki, bu problem Sizin müdrik, uzaqgörən siyasətiniz nəticəsində yaxın vaxtlarda həll ediləcək, respublikamızda, eləcə də bütün Qafqazda sülhə nail olunacaqdır.

Ölkəmizdə işçilərin sosial hüquqlarının qarantı kimi Siz, həmkarlar İttifaqlarının fəaliyyətinə həmişə yüksək qiymət verirsiniz. Bu gün respublikamızda həmkarlar ittifaqlarının yeri, rolu və statusunun müəyyənləşməsi məhz Sizin hakimiyyətə qayıdışınızın ilk illərində imzaladığınız “Həmkarlar ittifaqları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

Həmkarlar ittifaqları vətəndaşların əmək və sosial-iqtisadi hüquqlarının təmin olunması sahəsində öz üzərinə düşən missiyanı ardıcıl şəkildə həyata keçirərək, respublikamızda Sizin rəhbərliyinizlə gerçəkləşdirilən vətəndaş cəmiyyəti quruculuğuna öz töhfəsini verir. Bizim sıralarımızda birləşən üzvlərimiz respublikada sosial ədalətin təntənəsi və hüquqi dövlət qurulması istiqamətində Sizin qətiyyətli addımlarınızı tam dəstəkləyir və öz əməli fəaliyyətləri ilə bu sahədəki vəzifələrin yerinə yetirilməsinə yardımçı olmağa səy göstərirlər. Ölkə iqtisadiyyatının dirçəldilməsi sahəsində həyata keçirdiyiniz siyasət, işçilərin əmək haqlarının bir neçə dəfə artırılması barədə ardıcıl olaraq verdiyiniz fərmanlar geniş ictimaiyyət tərəfindən minnətdarlıqla qarşılanır.

İqtisadi islahatların dönmədən davam etdirilməsinin, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisinə start verilməsinin, Bakı-Ərzurum qaz kəmərinin tikintisinin başlanılması üçün aparılan təşkilati işlərin, ölkəyə xarici investisiyaların axınının sürətləndirilməsinin dövlət müstəqilliyimizin möhkəmlənməsinə və xalqımızın rifahının yüksəlməsinə xidmət edəcəyinə əminik.

2003-cü il xalqımız üçün böyük ümidlər ilidir. Sizin “İlin adamı” adına layiq görülməyiniz 2003-cü ilin uğurlu başlanğıcından xəbər verir. 2003-cü ilin dövlət büdcəsinin sosial yönümlü olması buna bariz nümunədir.

Cənab Prezident!

Bu gün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının II qurultayı respublikamızın ayrı-ayrı ərazi, sahə və başqa vahidlərinin bir milyon beş yüz min işçisi, həmkarlar üzvü adından Sizin 2003-cü il prezident seçkilərində namizədliyinizi irəli sürmək və dəstəkləmək haqqında məsuliyyətli bir qərar qəbul etdi. Biz bu addımı xalqımızın, ictimaiyyətin və əmək adamlarının Sizin keçən dövrdə Azərbaycan naminə göstərdiyiniz böyük xidmətlərə verdiyi yüksək qiymətə əsaslanaraq atdıq. Düşünürük ki, Sizin tükənməz enerjiniz, böyük təcrübəniz və bəşəri ideyalarınız xalqımıza hələ çox lazımdır. Bizim öz həllini gözləyən çox problemlərimiz var ki, bunları da yalnız Sizin kimi müdrik bir rəhbər həll edə bilər. Xahiş edirik, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası II qurultayının 2003-cü il prezident seçkilərində Sizin namizədliyinizi irəli sürmək və dəstəkləmək qərarını qəbul edəsiniz.

Sizə möhkəm cansağlığı və Azərbaycan naminə uğurlu fəaliyyət arzulayırıq.

AHİK-in II qurultayının nümayəndələri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin