İDMAN
AZƏRBAYCAN HƏNDBOLÇULARI FRANSIZLARDA YAXŞI TƏSİR OYATMIŞDIR
Fevralın 21-də Fransanın Vezul şəhərinin idman sarayında Bezansonun “S.E.B.F” və Bakının “ABU” həndbol klublarının qadınlardan ibarət komandaları arasında Avropa Kubokları Kuboku uğrunda yarış keçirilmişdir.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, oyundan əvvəl Fransa və Azərbaycanın dövlət bayraqları qaldırılmış, himnləri səslənmişdir. Görüşün ilk dəqiqələrindən təşəbbüsü ələ alan yerli komanda məşhur həndbol ustası, baş məşqçi Rəfiqə Şabanovanın yetirmələrinin qapısından dörd cavabsız top keçirmişlər. Uzun məsafə qət etmiş həndbolçularımız fiziki yorğunluğa baxmayaraq, rəqib komandaya ciddi müqavimət göstərmiş, hətta birinci hissənin ortalarında hesab arasındakı fərqi azaltmağa müvəffəq olmuşlar: 5:6.
Oyunçularımızın bütün səylərinə baxmayaraq, birinci hissə 14:9 hesabı ilə Fransa çempionatında bu günə qədər məğlubiyyət acısını dadmamış “S.E.B.F” komandasının xeyrinə qurtarmışdır.
İkinci hissədə də təşəbbüsü əldən verməyən yerli komanda oyunu ilə fransız tamaşaçıların rəğbətini qazanmış qapıçımız Olqa Polyakovanı tez-tez narahat etmişdir. Komandamız ciddi müqavimət göstərsə də, məğlubiyyətdən yaxa qurtara bilməmişdir. Doğma divarlar arasında azarkeşlər tərəfindən daim ruhlandırılan “S.E.B.F” komandası ilk görüşü qələbə ilə başa vurmuşdur: 28:20.
Təkrar görüş fevralın 23-də Bezanson şəhərində keçirilmişdir. Bu görüşdə həndbolçularımızın öz oyunlarında dönüş yaradacaqlarına inam bəslənilirdi. Lakin onlar bu inamı doğrulda bilmədilər. Oyunun əvvəlində hesabı açmalarına baxmayaraq, sonradan təşəbbüsü əldən verdilər. Həndbolçularımız bu görüşdə də məğlub oldular: 23:31.
Fransız mətbuatı hər iki oyunu ətraflı işıqlandırmış, azərbaycanlı həndbolçuların məğlubiyyətə baxmayaraq, gözəl oyun nümayiş etdirdiklərini yazmış, qapıçı Olqa Polyakovanın tamaşaçılarda böyük təəssürat oyatdıqlarını qeyd etmiş, baş məşqçi Rəfiqə Şabanova ilə müsahibələrə xüsusi yer ayırmışdır. “Fransa-3” televiziya kanalı ilə nəinki hər iki görüşü, hətta komandamızın məşqlərini belə demək olar ki, hər gün efirdə göstərmişlər.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris-Vezul-Bezanson-Paris