İDMAN
AZƏRBAYCAN KİKBOKSÇULARI DÜNYA ÇEMPİONATINDA İKİ QIZIL, BİR GÜMÜŞ VƏ DÖRD BÜRÜNC MEDAL QAZANMIŞLAR
AZƏRTAC xəbər verir ki, Yunanıstanın Halkidiki şəhərində kikboksun “vorld profi” versiyası üzrə dünya çempionatı keçirilmişdir.
32 ölkənin idmançısının iştirak etdiyi yarışda Azərbaycan kikboksçuları 7 medala layiq görülmüşlər. Yığmamızın heyətində Eduard Məmmədov (60 kq) lou-kik növü üzrə bütün döyüşlərini qələbə ilə başa vuraraq 7-ci dəfə dünya çempionu tituluna sahib çıxmışdır.
Tayboks üzrə yarışlarda gücünü sınayan Eldar Qazıbəyov (76 kq) bütün döyüşlərini yüksək səviyyədə keçirərək fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdır. Qeyd edək ki, idmançı yarımfinalda Ermənistan kikboksçusu üzərində tam üstünlüklə qələbə qazanmışdır.
Vüqar Qasımov (tayboks) gümüş, Elman Mirzəyev (67 kq, tayboks), Araz Musayev (70 kq tayboks), Elman Qazıbəyov (88,5 lou-kik) bürünc medallara layiq görülmüşlər.
Gənclər arasında mübarizə aparan daha bir Azərbaycan idmançısı- Ağa Musayev (40 kq, semi-kontakt) üçüncü yeri tutmuşdur.
Yarımfinalda zədəli halda döyüşlərini davam etdirən Elman Mirzəyevin üzərində cərrahiyyə əməliyyatı aparılmışdır. Eyni səbəbdən yığma komandanın məşqçilər heyəti Vüqar Qasımovu final görüşünə buraxmamışlar və o, yarışı ikinci yerdə başa vurmuşdur.