İQTİSADİYYAT
AZƏRBAYCAN NABUKKO KƏMƏRİNİN REALLAŞMASI ÜÇÜN TƏRƏFDAŞ ÖLKƏLƏR ARASINDA TEZLİKLƏ SAZİŞ İMZALANMASINI TƏKLİF EDİR
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyində ABŞ-ın vitse-prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Cozef Vud ilə görüş keçirilmişdir.
Görüşdə, əsasən, Avropanın enerji təhlükəsizliyi məsələləri müzakirə edilmişdir. ABŞ rəsmisinin xahişinə cavab olaraq, sənaye və energetika naziri Natiq Əliyev Azərbaycanın son 10 ildə həyata keçirdiyi neft siyasəti barədə qonağa ətraflı məlumat vermişdir. Nazir bildirmişdir ki, enerji dəhlizləri uğrunda kəskin rəqabətin şiddətləndiyi bir vaxtda rəsmi Bakı regionun enerji təhlükəsizliyinin təmin edilməsi naminə ABŞ hökumətinin dəstəyini əhəmiyyətli hesab edir.
Cozef Vud bildirmişdir ki, rəsmi Vaşinqton Orta Asiyanın karbohidrogen ehtiyatlarının Azərbaycan üzərindən Avropaya nəql edilməsində maraqlıdır və bu siyasəti gələcəkdə də davam etdirəcək. ABŞ rəsmisi qeyd etmişdir ki, onun ölkəsi bu məqsədlə Qazaxıstan və Türkmənistan rəhbərliyi ilə intensiv danışıqlar aparır. Amerikalı diplomat bu baxımdan Azərbaycan-Türkmənistan əməkdaşlığının genişləndirilməsinin zəruriliyini bildirmiş və hər iki ölkəni açıq və konstruktiv dialoqa dəvət etmişdir. Cozef Vud demişdir ki, artıq Aşqabadda yeni əhval-ruhiyyə hökm sürür və danışıqlara başlamaq üçün real şanslar yaranıb.
Görüşdə Nabukko qaz kəmərinin perspektivi də müzakirə edilmişdir. Natiq Əliyev hökumətimizin mövqeyini açıqlayaraq bildirmişdir ki, Azərbaycan danışıqların konkret detallara əsaslanaraq aparılmasında maraqlıdır və artıq sözdən əməli işə keçməyin vaxtı çatıb. N.Əliyev qonağın diqqətinə çatdırmışdır ki, Azərbaycan Nabukko kəmərinin reallaşması üçün tezliklə tərəfdaş ölkələr arasında saziş imzalanmasını təklif edir.