SİYASƏT
AZƏRBAYCAN NÜMAYƏNDƏ HEYƏTİNİN BAŞÇISI, AŞPA SƏDRİNİN MÜAVİNİ VƏ BÜRO ÜZVÜ İLHAM ƏLİYEVİN RESPUBLİKA TELEVİZİYASINA MÜSAHİBƏSİ
Azərbaycan nümayəndə heyəti başçısının AŞPA-nın rəhbərliyinə seçilməsi çox böyük hadisədir. Azərbaycan iki ildir ki, Avropa Şurasının tam hüquqlu üzvüdür. Bu az müddətə baxmayaraq, Azərbaycanın nümayəndəsi AŞPA sədrinin müavini vəzifəsinə seçilibdir. Bu, Avropa Şurası tərəfindən ölkəmizə olan böyük hörmətin, müsbət münasibətin əlamətidir. Mən bunu çox yüksək qiymətləndirirəm.
Eyni zamanda, mən həm də AŞPA-nın Büro üzvü seçilmişəm. Büro bu qurumun ən mötəbər orqanıdır. Bütün vacib məsələlər məhz Büroda müzakirə olunur. AŞPA sessiyalarının gündəliyinə çıxarılan məsələlər və rəhbərlik tərəfindən bu məsələlərə münasibət yalnız Büronun iclaslarında müzakirə və həll edilir. Bu baxımdan Azərbaycanın nümayəndəsinin Büroda iştirakı və səsə malik olması, hesab edirəm ki, ölkəmizin milli maraqları üçün böyük dəstəkdir və böyük bir hadisədir.
Bəzi müxalifət qüvvələri, xüsusilə AŞPA-nın sessiyaları ərəfəsində müxtəlif şayiələr, böhtanlar, yalanlar yayırlar ki, guya Avropa Şurası Azərbaycanı tənqid edəcək, cəzalandıracaq, sanksiyalar tətbiq edəcəkdir.
Biz dəfələrlə bu şayiələri pisləmişik və bildirmişik ki, belə bir şey yoxdur. Bizim aramızda əməkdaşlıq var. Avropa Şurası tərəfindən Azərbaycana münasibət çox yüksəkdir, çox müsbətdir. Bugünkü hadisə, yəni mənim AŞPA sədrinin müavini və Büro üzvü seçilməyim bir daha onu göstərir ki, AŞ ilə Azərbaycan arasında, eləcə də Azərbaycan nümayəndə heyətinin üzvləri arasında heç bir problem yoxdur. Əksinə, əməkdaşlıq, gözəl münasibət var. Biz birlikdə çalışacağıq ki, Azərbaycanda gedən demokratik prosesləri daha da genişləndirək. Eyni zamanda, Azərbaycan nümayəndə heyəti AŞPA-da öz mövqeyini müdafiə edəcəkdir. Ermənistanı təcavüzkar, işğalçı dövlət kimi ifşa edəcək və bizim milli maraqlarımızı müdafiə edəcəkdir.
X X X
Azərbaycan nümayəndə heyətinin başçısı İlham Əliyev həmin gün “Lider” telekanalına da müsahibə vermişdir.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq