RƏSMİ XRONİKA


AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN FRANSAYA RƏSMİ SƏFƏRİ

FRANSA SENATINDA GÖRÜŞ

Rəsmi qarşılanma mərasimindən sonra “Petit Lüxsemburq” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fransa Senatının rəhbərləri ilə görüşü keçirildi. Yüksək qonaqpərvərlik şəraitində keçən görüşdə, Fransa Senatının sədri Kristian Ponsöle Azərbaycan Prezidentinin ilk rəsmi səfərini Fransaya etməsindən sevinc və qürur hissi duyduqlarını söylədi. O bildirdi ki, rəsmi Paris və Fransa Senatı bunu yüksək qiymətləndirirlər. Bu, Azərbaycanın Fransaya nə qədər böyük diqqətlə yanaşdığını və Prezident İlham Əliyevin ölkələrimiz arasında mövcud olan münasibətlərin daha da möhkəmləndirilməsinə verdiyi əhəmiyyəti göstərir. Cənab Ponsöle dedi ki, İlham Əliyevin şəxsiyyətinə Fransada böyük hörmət bəslənilir. O, əmin olduğunu vurğuladı ki, bu səfər iki ölkə arasında əməkdaşlığın yeni mərhələyə qədəm qoymasında müstəsna rol oynayacaqdır.

Azərbaycan Prezidenti İlham Əliyev cavab nitqində iki ölkə arasında əlaqələrin bundan sonra da uğurla inkişaf etdiriləcəyinə əmin olduğunu bildirdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev Senatın fəxri qonaqlar kitabını imzaladı.

Azərbaycanın dövlət başçısına və onun xanımı Mehriban Əliyevaya xatirə hədiyyələri təqdim olundu. Fransa Senatının sədri Kristian Ponsöle vurğuladı ki, Azərbaycan Prezidenti İlham Əliyev Senatın əziz qonağıdır və hər səfəri zamanı onlar dövlətimizin başçısını burada qarşılamaqdan məmnunluq duyacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin