SİYASƏT
AZƏRBAYCAN QAÇQINLARI HAQDA MƏLUMATIN VERİLMƏMƏSİ BONN TƏDQİQAT QRUPUNU DA NARAHAT EDİR
Almaniyanın Bonn Universitetinin sosioloq və iqtisadçı alimləri neçə illərdir ki, Cənubi Qafqaz regionunda cərəyan edən münaqişələr nəticəsində ev-eşiklərindən didərgin düşən qaçqın və məcburi köçkünlərə BMT-nin yardımçı strukturlarının qayğısı və nəzarəti haqqında tədqiqatlar aparırlar.
Azərbaycanın Berlindəki səfirliyindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, universitetdə fəaliyyət göstərən keçid problemləri və inkişaf siyasəti üzrə tədqiqat qrupunun alimləri - professorlar Əhəd Rəhmanzadə və Ernst Tsurek 2003-cü il martın 31-də BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarlığına məktub göndərərək bu qurumun 2002-ci il üzrə hesabatında Azərbaycandakı 1 milyondan artıq qaçqın və məcburi köçkün barədə heç bir məlumatın öz əksini tapmamasına etirazlarını bildirmiş və bu səhvin düzəldilməsini xahiş etmişlər. Komissarlıq Bonn alimlərinin müraciətinə cavab göndərərək, bu anlaşılmazlığın aradan qaldırılması üçün müvafiq tədbir görüləcəyini bildirmişdir.
Yusif Xəlilov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin